ADA Universitetinin nümayəndələri Naxçıvan Dövlət Universitetinin müəllimləri üçün təlim keçib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ADA Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin müəllimləri üçün “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda təlim keçib.

ABŞ Səfirliyinin Təhsil və mədəniyyət üzrə müşaviri Riçard Pinkham, ADA Universitetinin Təhsil fakültəsinin icraçı direktoru Səidə Nəbiyeva, universitetin İctimai və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və həmin universitetin Təhsil fakültəsinin baş müəllimi Vəfa Yunusova  bu münasibətlə Naxçıvan Dövlət Universitetində olublar. Magistratura mərkəzində keçirilən görüşdə qonaqları salamlayan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında professor-müəllim heyətinin elmi fəaliyyəti, nüfuzlu jurnallarda məqalə nəşri ilə bağlı məlumat verib. Müasir dövrdə universitetlərin əsas missiyalarından birinin səmərəli və nəticəyönümlü elmi-tədqiqat fəaliyyətləri ilə yerləşdikləri regionun inkişafına töhfə vermək olduğunu vurğulayan rektor bu məqsədlə sözügedən layihənin təqdim etdiyi imkanlardan danışıb. Elbrus İsayev əldə edilən bilik və bacarıqların tezliklə universitetdə elmi fəaliyyətin səmərəliliyinin yüksəlməsində özünü doğruldacağına əminliyini bildirib və seminar iştirakçılarına uğurlar arzulayıb.

ABŞ Səfirliyinin Təhsil və mədəniyyət üzrə müşaviri Riçard Pinkham səfirliyin hazırda mövcud olan təhsil proqramları barədə məlumat verib.

İki gün davam edən təlimdə ADA Universitetinin İctimai və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev elmi nəşrlərin strategiyasından danışıb. Beynəlxalq indeks bazalarına malik nüfuzlu jurnallar barədə ətraflı məlumat verən Anar Vəliyev eyni zamanda elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili qaydalarından da bəhs edib. Universitetin Təhsil fakültəsinin baş müəllimi Vəfa Yunusova  elmi məqalələrin yazılma üslubu və qaydaları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: