Mayın 29-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 61 binada təşkil edilib. Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.
İmtahan vermək üçün 14 min 843 bakalavr ərizə təqdim edib. İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.