NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturalara qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və Naxçıvanda ümumilikdə, 61 binada təşkil edilib.
İmtahanda ölkə üzrə 15 minə yaxın, Naxçıvan üzrə isə 500-dən artıq bakalavr iştirak edib. İmtahan verənlərdən 14 minə yaxını Azərbaycan bölməsi, 1000-dən çoxu isə rus bölməsi üzrə imtahan verib. Bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayan imtahan 3 saat davam edib. Qəbul imtahanında bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb.
Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb. Qaydalara görə proses zamanı bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, ümumilikdə 100 sual təqdim olunub. Hər bir doğru cavab bir balla qiymətləndirilib, səhv cavablar iştirakçının ümumi nəticəsinə təsir etməyib.
Qeyd edək ki, 4 və 5 iyun tarixlərində birinci və dördüncü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Ərhan Novruzov