Ali təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər DİM-in saytında qeydiyyatdan keçməlidirlər.
9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər isə Mərkəzin saytında qeydiyyatdan keçirlər.
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) “Şəxsi kabinet”lərindəki hesablarına əlavə etməlidirlər.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 12-də keçiriləcək.
Xatırladaq ki, mayın 8-də Azərbaycan dili imtahanı vermiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9 və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.