Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsini nəşr edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalın bu nömrəsində orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər üçün qəbul proqramları onların ixtiyarına verilib. Jurnalda təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanları haqqında geniş məlumat yer alıb. Beləliklə, bu nəşrdə:
- Qəbul proqramları;
- Müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);
- Yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə imtahanların siyahısı;
- Qiymətləndirmə meyarları (yekun qiymətin hesablanması qaydası);
- İmtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər;
- Tapşırıq nümunələri;
- Bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;
- Abituriyentləri ən çox maraqlandıran suallara cavablar;
- XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat verilib.
Jurnalı DİM-in Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Xatırladırıq ki, ali təhsil müəssisələrinin XQTİ-nə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqında ətraflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində verilib.