Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 600 şagird təhsil alır. Onların  milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi üçün hərtərəfli şərait yaradılıb. Muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində müasir laboratoriyaları, fənn kabinələri, idman zalları və açıq idman qurğuları olan 200-dən çox təhsil müəssisəsi tikilib istifadəyə verilib, sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılıb, məktəblərin kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilib. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərin 73 faizi müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə daxil olub, onlardan 261-i 500-700 arası bal toplayıb.

Vurğulanıb ki, ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün əlverişli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Ordubad və Culfa rayonlarının məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılıb, dərnəklər zəruri avadanlıqlarla təchiz edilib. Hazırda Babək və Şahbuz rayonlarının məktəbdənkənar təhsil müəssisələrində də bu sahədə işlər davam etdirilir.

Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu da məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil və təlim tərbiyəsinin müasir tələblər səviyyəsində qurulmasına öz töhfəsini verəcəkdir.

Təhsil naziri muxtar respublikada uşaqlara göstərdiyi diqqət və qayğıya, onların təhsili üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, balaca fidanları Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində Naxçıvan şəhərində fəaliyyət göstərən körpələr evi- uşaq bağçalarında təlim-tərbiyə alan uşaqların ifasında şeir və rəqs musiqi nömrələri səsləndirilib. Balaca fidanların ulu öndər Heydər Əliyevə, Vətənə  aid şeirləri, “Xarıbülbül”, “Dostluq himni”, “O Naxçıvandır”, “Azərbaycan” və digər mahnı, rəqs nümunələri iştirakçılarda xoş ovqat yaradıb, alqışlarla qarşılanıb.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın rayonlarında da məktəbəqədər təhsil müəssisələrində Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbirlər keçirilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: