Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Yaponiyada nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin NUHÇIXAN İnformasiya Agentliyinə verdiyi xəbərə görə sammitin açılış günü iştirakçılar əvvəlcə Fugita Universitetində həm Yaponiyanın, həm də yüksək texnologiyalar istehsalı ilə məşğul olan şirkətlərinin məhsulları nümayiş olunan sərgi ilə tanış olublar.
Sammitin təntənəli açılış mərasimində çıxış edən Fugita Univeristetinin rektoru Yukio Yuzava, İmperator ailəsinin üzvü şahzadə Tomohito, Aiçi prefekturasının qubernatoru Hideaki Omura və “Times Higher Education” təşkilatının Asiya-Sakit okean regionu üzrə prezidenti Simone Dilena sammit iştirakçılarını salamlayaraq, onlara bu beynəlxalq tədbirdə aparılacaq müzakirələrdə uğurlar arzulayıblar.
Açılış mərasimindən sonra sammit işini plenar iclaslarla davam etdirib.
Fugita Universitetinin rektoru Yukio Yuzava Naxçıvan Dövlət Universitetinin rektoruna və əməkdaşlarına Yaponiyaya gələrək “Times Higher Education” təşkilatının zirvə görüşünə qatıldıqlarına görə səmimi minnətdarlığını bildirib. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti Qafqaz regionundan sözügedən sammitə qatılan ilk ali təhsil müəssisəsidir. Həmçinin sammit həm də tədbirin iştirakçısı olan digər universitetlər və şirkətlərlə əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır.
Sammitin təhsil və elmi tədqiqatların təşkili ilə bağlı beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirən NDU-nun rektoru Elbrus İsayev AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində bildirib ki, tədbirin məqsədi Asiyanın qabaqcıl ali təhsil müəssisələrinin bir araya gətirilməsi və elmi araşdırmaların istiqamətləri ilə bağlı geniş müzakirələrin aparılmasıdır. Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətədavamlılığının artırılması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam var və bu mühüm sənəd bütün universitetlərin, o cümlədən NDU-nun qarşısında çox ciddi vəzifələr qoyur. “Times Higher Education” təşkilatı ilə qurulmuş əməkdaşlıq nəticəsində NDU son iki ildə reytinq qiymətləndirməsində xüsusi uğurlar qazanıb. Naqoyanın Fugita universitetində keçirilən sammit həmin əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirəcək və Asiya regionun nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrimizin inkişafına mühüm təsir göstərəcək. Bununla yanaşı regionun bütün dünyada tanınmış məşhur şirkətlərinin bu sammitə qatılması bizim onlarla da birbaşa əməkdaşlıq əlaqələri qurmağımıza şərait yaradacaq”.
Məlumat üçün onu da bildirək ki, Beynəlxalq elmi tərəfdaşlıq sahəsində dünyanın aparıcı keyfiyyət və reytinq şirkəti olan “Times Higher Education” ilə qurulan əlaqələr 2021-ci ildə NDU-nun dünya universitetləri sırasında öz adını tanıtması ilə nəticələnib. Universitet 2022-ci ildə isə “Times Higher Education” təşkilatının “İmpact Sıralamasında” xüsusi yer alıb. Elmi strategiyasını düzgün seçən NDU rəhbərliyinin həm “THE”, həm “Clarivate Analytics”, həm “Elsevier”, həm də “Google”la olan əlaqələri keyfiyyətyönümlü, məhsuldar və fundamental tədqiqatlara yönəlməsi nəticəsində bu ali təhsil ocağı müxtəlif beynəlxalq təşkilat və universitetlərin tədbirlərinə dəvət alıb. Bu tədbirlərdən biri də “Times Higher Education” keyfiyyət və reytinq şirkətinin təşkil etdiyi sammitdir.
Qeyd edək ki, “Times Higher Education” şirkətinin Yaponiyanın “Fujita Health” Universiteti ilə əməkdaşlığı çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında Asiya Universitetləri Sammitində NDU ilə yanaşı, Asiya regionunun bir çox nüfuzlu şirkətləri, universitetləri və eləcə də möhtərəm şəxsləri iştirak edir. Sammitə ümumilikdə 60 ölkənin nüfuzlu universitetlərinin rəhbər şəxsləri qatılıb.
İyunun 3-də işini başa vuracaq sammit çərçivəsində ümumi müzakirələrlə yanaşı, qarşılıqlı əməkdaşlıq, təcrübə və kadr mübadiləsinin təşkili məqsədilə ikitərəfli danışıqların aparılması da nəzərdə tutulur.