NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “İrəvan Müəllimlər Seminariyası və onun Naxçıvan məzunları” mövzusunda seminar keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını xatırladıb.
Qeyd olunub ki, İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan müəllimlər seminariyası elm, təhsil, pedaqoji fikir, maarifçilik və milli mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Bu baxımdan sözügedən sərəncam elm və təhsil tariximizin ətraflı öyrənilməsinə, tədqiq və təbliğinə mühüm töhfə verəcək.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Fərrux Rüstəmov seminariyanın yaranma tarixini, buradakı təhsilin məzmunu, pedaqoji təcrübənin təşkili və bununla bağlı digər məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, regionda dünyəvi təhsil verən seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır. Naxçıvan ziyalılarından Həmid bəy Şahtaxtinski, Tağı bəy Şəfiyev və görkəmli rəssam İbrahim Səfi də həmin seminariyanın məzunları olublar.
Naxçıvan Müəllimlər İnstitutuna dəvət olunduğu üçün məmnunluq hissini ifadə edən alim ünvanlanan sualları cavablandırıb, seminar iştirakçılarına uğurlar arzulayıb.
Əməkdar elm xadimi Fərrux Rüstəmov institutun kitabxanasına müəllifi olduğu 6 adda 25 kitab hədiyyə edib. Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qonağa Naxçıvanda oxunması zəruri olan kitablar siyahısına daxil edilən “Pedaqoji fikir tarixindən” kitabını və xatirə hədiyyəsini təqdim edib.
Sevgili Mustafazadə