Dövlət İmtahan Mərkəzi iyunun 4-5-də I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq imtahanlarda 38 min 539 abituriyentin iştirakı nəzərdə tutulur.