Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
NUHÇIXAN İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, iyunun 6-sı saat 14:50-yə olan məlumata görə, 21 nəfər (Azərbaycan bölməsi – 20, rus bölməsi - 1) qeydiyyatdan keçib. İyunun 3-dən başlanmış qeydiyyat bu gün saat 23:59-da yekunlaşacaq. Namizədlər iyunun 8-də bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və iyunun 9-dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) “Şəxsi kabinet”lərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.
Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-də, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
–şəxsiyyətini təsdiq edən sənədi;
–bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini;
–özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-də, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
–təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.
Bu sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq aşkarlanan bakalavr imtahana buraxılmır.