İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair dörd adda broşürün erməni və fars dillərinə tərcümə edilmiş nəşrlərinin təqdimatı olub. Tədbir Tarix İnstitutunun və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilib.
Tarix İnstitutundan NUHÇIXAN-a bildirilib ki, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən çap edilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktoru isə ATİB-in sədri Mehri Xanbabayevadır. Bu əsərlər Tarix İnstitutu elmi şurasının qərarı ilə çapdan çıxıb.
“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi tarixçi alim Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçaların müəllifi isə tarixçi alim Güntəkin Nəcəflidir.
Tədbirdə akademik Y.Mahmudov bildirib ki, yeni nəşrlər ermənilərə ciddi mesajdır. “Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər”,- deyə akademik vurğulayıb.
İnstitut direktoru diqqətə çatdırıb ki, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib. Y.Mahmudov deyib: “Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – 300-dən çox məscidi, çoxlu sayda minarəni, türbələri, ziyarət yerlərini və qəbiristanları yerlə yeksan ediblər. Vandallar, ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər”.
“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçasında qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryan, Setrak Arakelyan, Anuş Sahinyan və Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.
Bildirilib ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Bu sarayı isə 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tikdirib.
“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitabçasında qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.
“İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” əsəri İrəvan qalasının müdafiəçilərinin əziz xatirəsinə həsr olunub. İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib.
“Çuxursəd hakimləri və İrəvan xanları” kitabçasında İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının nümayəndələri olan xanların idarə etdikləri bildirilir.
Qeyd edək ki, İrəvan xanlığı ilə bağlı nəşrlər bundan əvvəl ingilis və rus dillərində də çap olunub. Hazırda isə bu broşürlər ispan və ərəb dillərində nəşrə hazırlanır.