NDU Yaponiyanın nüfuzlu Tokay Universiteti ilə yüksək texnologiyalar və kadr mübadiləsi sahələrində əməkdaşlıq edəcək - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə razılaşma Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Tokay Universitetinin rəhbərliyi arasında Hiratsuka şəhərində keçirilən görüş zamanı əldə edilib.
Görüşdə hər iki universitetin rəhbər heyəti ilə yanaşı, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər də iştirak edib.
İki dost ölkənin universitetləri arasında əməkdaşlığın qurulması məqsədilə keçirilən görüşdə Tokay Universitetinin Mexaniki Mühəndislik Sistemləri Departamentinin rəhbəri, professor Yoşio Yamamoto Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətini bu ali təhsil ocağında salamlamaqdan məmnun olduğunu bildirib. Yaponiya Universiteti barədə təqdimatla çıxış edən professor qeyd edib ki, 1942-ci ildə təsis edilən universitetin Yaponiyanın 8 şəhərində kampusu var. Universitetdə 30 minlik tələbənin tədrisi ilə 1600-ə yaxın akademik heyət məşğul olur. Universitetdə 61 kafedra, 21 fakültə əsaslı bakalavr məktəbi var. Vurğulanıb ki, ali təhsil ocağı humanitar elmlər üzrə bir sıra kurslar təklif etməklə yanaşı, Yaponiyada “All Nippon Airways” aviaşirkəti ilə birgə pilot hazırlığı proqramını həyata keçirən ilk universitetdir. Universitet həmçinin Avstriya, Tailand, Cənubi Koreya, Danimarka və ABŞ-ın Havay adaları da daxil olmaqla 35-dən çox ölkədə ofisləri əhatə edən beynəlxalq mübadilə proqramına malikdir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib. Videomaterial formatındakı təqdimatda Naxçıvan Dövlət Universitetinin infrastrukturu, tədris imkanları və xarici əlaqələri barədə məlumat verilib.
Təqdimatlardan sonra tərəflər arasında aparılan müzakirələrin nəticəsi olaraq razılıq əldə edilib. Razılığa əsasən Naxçıvan Dövlət Universitetinin əməkdaşları bir tədris ili üçün Tokay Universitetində laboratoriya fəaliyyəti ilə məşğul olacaq, doktorantura sonrası hər təqvim ilində ən azı 10 əməkdaşın qarşılıqlı mübadiləsi, mühəndislik sahəsində Tokay Universitetinin təqaüdü ilə NDU əməkdaşının bu universitetdə doktorantura oxuması, Mikro-Nano Texnologiya Mərkəzinin NDU Texnoparkının dizaynında avadanlığın seçilməsi və coğrafi ehtiyacların müəyyənləşdirilməsinə dəstək göstərilməsi təmin ediləcək.
Sonra xatirə fotosu çəkdirilib.
Görüşdən sonra Tokay Universitetində fəaliyyət göstərən müxtəlif istiqamətli laboratoriyalar və kabinələrlə tanış olan Naxçıvan Dövlət Universitetinin rektoruna burada aparılan elmi tədqiqatların istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. NDU-nun nümayəndə heyəti Mikro-Nano Texnologiya Mərkəzinin Mikropartukulyar laboratoriyası, Nano tədqiqatlar laboratoriyası, biokimya laboratoriyası, mikrocisimlərin tədqiqatı laboratoriyası, nano materialların MR və rentgen laboratoriyası ilə tanış olub. Nümayəndə heyəti universitetin tədris kompleksində dərs prosesini də izləyib.
Qeyd edək ki, Asiya Universitetləri Sammitində iştirak edən NDU-nun heyəti səfər çərçivəsində robotexnika sərgisində iştirak edib, bir sıra şirkətlərlə gələcək əməkdaşlığın istiqamətləri barədə razılıq əldə ediblər. Hər iki universitet arasında Çinin nüfuzlu “Huawei” və Yaponiyanın “Toyota”, “Hitachi”, “Fujifilm”, “Kawasaki” və “Nikon” sirkətləri ilə NDU-da yaradılan Texnoparkda rezident olmaları, həmçinin xəstəxana xidmətlərinə tibbi texnoloji dəstəyin göstərilməsi barədə razılıq əldə edilib. Sammitdə iştirak edən “Coruseria” şirkəti, Fugita Sağlamlıq Universiteti və Avstraliyanın Kvinslend Universiteti ilə doktorantura və postdoktorantura, müəllim mübadiləsi və tibb sahəsində əməkdaşlıq, “Elsevier” şirkəti ilə universitetin elmi fəaliyyətinin beynəlxalq aləmə çıxışı, nəşrlərin təkmilləşdirilməsi və professor-müəllim heyətinin məqalələrinin xaricdə dərc olunmasına dəstək, Qifu Universiteti ilə mühəndislik və dəqiq elmlər sahəsində əməkdaşlıq, Birləşmiş Millətlər Universitetinin Davamlılığın Qabaqcıl Tədqiqatları İnstitutu ilə ətraf mühit əlaqələrinin inkişafı və sosial xidmət sahələrində təcrübə mübadiləsi, “Times Higher Education” təşkilatı tərəfindən elm və beynəlmiləlləşmə, keyfiyyət və tədqiqat sahələrinin inkişafı strategiyasına dəstək göstərilməsi üçün əməkdaşlıq razılaşması əldə edilib. Bundan əlavə, “OECD” şirkəti, Naqoya Universiteti, “Nippon” Tibb Məktəbi və Bəsrə universiteti ilə elmi və tədris-təcrübə əlaqələrinin qurulması imkanlarının öyrənilməsi nəzərdə tutulur.
Vüqar Ağayev
AzərTAC-ın xüsusi müxbiri