“Sabahın tədqiqatçıları” layihəsinə yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları - 2022” layihəsinin yekun tədbiri keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülüb. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılıb, məruzə, tezis, referat və hesabatlar hazırlanıb. Ötən dövrdə tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunub, onlarla müsabiqə və yarış, elmi-təcrübi konfrans və seminarlar keçirilib.
Nazir bildirib ki, ümumilikdə bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb.
Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını qazandıqları uğurlara görə təbrik edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsini gənc nəsildə elmə marağın formalaşdırılması, innovativ biliklərin təkmilləşdirilməsi və praktikada tətbiqi baxımından yüksək qiymətləndirib. Qeyd edib ki, layihə çərçivəsində mühüm uğurlar qeydə alınıb, istər məktəblilər, istərsə də bölmənin əməkdaşları tədqiqatlara həssas münasibət göstəriblər. Savadlı, intellektual gənc nəslin formalaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən akdemik İsmayıl Hacıyev cəmiyyətin inkişafında elm və təhsilin, ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb. Bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi də elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. Bu baxımdan layihə gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir, onların yaradıcı düşünməsinə, istedadlarını inkişaf etdirməyə əlverişli şərait yaradır.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2021-2022-ci tədris ilində layihə çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, bu tədris ilində 24 elmi rəhbərin və 37 şagirdin iştirakı ilə 28 layihə işlənib hazırlanıb. Beynəlxalq səviyyəli müsabiqələrdə şagirdlər 36 birinci dərəcəli diplom və medala, 1 şagird üçüncü dərəcəli diplom və medala, 3 şagird müxtəlif konfranslarda sertifikatlara layiq görülüb. “Sabahın alimləri” layihəsində isə 7 şagird 4 layihə ilə iştirak edib, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülüb.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən videoçarx izlənilib.
Ardınca “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları apardıqları tədqiqat işləri barədə məlumatlar verib və təcrübələr aparıblar. Layihələrin hər biri böyük maraqla qarşılanıb.
Sonda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin diplomları təqdim olunub.
Novruz Məmmədov