NDU tələbələri İtaliyada təcrübə keçiblər - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Naxçıvan Dövlət Energetika Xidmətinin hamiliyinə verilən "Memarlıq və Mühəndislik" fakültəsinin "Energetika mühəndisliyi" ixtisasında təhsil alan tələbələri İtaliya Respublikasında olub.
Ali təhsil ocağının televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, səfərin ilk günü tələbələr Florensiya şəhərinin tarixi yerləri, meydanları, abidələri və məşhur incəsənət muzeyi ilə tanış olublar. Növbəti gün şəhərdə yerləşən Fimer şirkətinin təlim mərkəzində olan tələbələr yeni texnologiyalardan biri olan invertorlar haqqında mühazirə dinləyiblər. Qarşılıqlı sual-cavab əsasında təşkil edilən mühazirədə tələbələrin sualları ətraflı cavablandırılıb. Həmin şirkətin ərazisində yerləşən Günəş Elektrik Stansiyasına baxış zamanı tələbələr ərazidə quraşdırılan invertorlar, günəş panelləri və yarımstansiyalar haqqında məlumat alıblar.
Səfərin üçüncü günündə Roma şəhərindən dəvət olunmuş professor tərəfindən Günəş və külək enerji qurğularının iş prinsipi, quruluşu, quraşdırılması, onlar arasındakı məsafələr, panellərin günəşə nəzərən istiqamətləri, külək enerji qurğularının küləyin istiqamətindən və sürətindən asılı olaraq yerləşdirilməsi və digər məlumatlar təlim mərkəzində olan heyətə çatdırılıb. İnvertor istehsal edən müəssisədə təcrübədə olan zaman tələbələr invertorların necə istehsal edildiyinin, onların hissələrinin necə quraşdırılaraq sonda hazır hala gəlməyinin əyani şahidi olublar.
Səfərin son iki günündə heyət Roma şəhərinin də tarixi abidələri, mərkəzi meydanları, incəsənət muzeyləri ilə tanış olub.
Fəxriyyə Səyyadova