Əcnəbi tələbələr Culfanın tarix-mədəniyyət abidələrini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Culfa rayonuna ekskursiyası təşkil olunub.
Rayonun zəngin tarixi, mədəniyyət abidələrini əcnəbi tələbələrə tanıtmaq məqsədilə keçirilən gəzintidə iştirakçılar əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət muzeyində olublar. Gənclərə Əlincəqalada məskunlaşmış insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, arxeoloji qazıntılar zamanı aşkar olunan nümunələr, eləcə də buranın tarixi ilə bağlı yazılmış kitablar barədə məlumat verilib. Bildirilib ki, Əlincə qalası muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yenilməzlik simvolu olan qala 14 il Əmir Teymura qarşı müqavimət göstərib. Qeyd olunub ki, Əlincəqala “Kitabi - Dədə Qorqud” dastanlarında möhkəm istehkam kimi təsvir olunur.
Gənclər Xanəgah kəndindəki abidə kompleksi ilə də tanış olublar. Azərbaycan memarlığının mühüm nümunələrindən olan abidə kompleksi əcnəbi tələbələrin böyük marağına səbəb olub. Burada qonaqlara kompleksin tarixi, memarlıq xüsusiyyətləri və orta əsr Azərbaycan fəlsəfi fikrinə dair məlumatlar verilib. Bildirilib ki, orta əsrlər zamanı sufiliklə bağlı mərkəzlərdən olan abidə uzun müddət orada yaşayan dərvişlərin yaşayış və ibadət yeri olub. Qeyd edilib ki, məşhur filosof-alim, hürufilik təliminin banilərindən olan Fəzlullah Nəiminin məzarı da burada yerləşir.
Leyla Cəfərzadə