“Təsviri sənət məbədi - muzeylər” kitabı təqdim edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Təsviri sənət məbədi - muzeylər” kitabının təqdimatı keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikasında mədəni irsimizin, milli mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində görülən işləri diqqətə çəkib. Bildirib ki, muzeylərin şəraitinin yaxşılaşdırılması, fəaliyyətinin artırılması göstərilən diqqət və qayğının bariz nümunəsidir. Rektor kitabı diyarımızda muzeyşünaslıq sahəsində həyata keçirilən tədbirləri sistemli şəkildə cəmləşdirən əhəmiyyətli mənbə kimi dəyərləndirib.
İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva bildirib ki, “Təsviri sənət məbədi - muzeylər" monoqrafiyasında muzeylərin fəaliyyəti və ekspozisiyaları barədə geniş məlumat verilir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ləman Məmmədovanın müəllifi olduğu kitabda həmçinin Azərbaycan və dünya muzeylərini bəzəyən nadir sənət əsərlərimizin janrı, üslub xüsusiyyətləri, yaranma tarixi və müəllifləri haqqında müfəssəl məlumatlar verilir.
Xalq rəssamı, professor Hüseynqulu Əliyev müəllifin muzeylərin meydana gəlməsi və inkişafına təkan verən amillər, muzeylərin əhəmiyyəti, təsviri sənət əsərlərinin qorunması və muzey fondları mövzularından bəhs edən kitabını bu sahənin öyrənilməsindəki mühüm əhəmiyyətini diqqətə çatdırıb.
“İncəsənət” kafedrasının dosenti Ləman Məmmədova sayca 6-cı kitabı olan “Təsviri sənət məbədi - muzeylər” toplusu barədə geniş məlumat verib və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sevgili Mustafazadə