“STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans iyunun 11-də muxtar respublikada keçiriləcək ilk “STEAM təhsil" festivalına həsr olunub.
“Naxçıvan” Universitetində keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Elmin İnkişaf Fondunun Himayədarlar Şurasının üzvü Emin Məmmədov çıxış edib.
Bildirib ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada müasir elm infrastrukturu yaradılır, elmi kadrların hazırlanması məsələsi diqqətdə saxlanılır.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyasının, 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi tərəqqidə, müasir elmi nəticələrin əldə olunmasında, gənc alimlərin formalaşmasında, elm və təhsilin inkişafı istiqamətində yeni mərhələ təşkil etməyə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ixtisasların aid təşkilatlara hamiliyə verilməsi, ümumilikdə, təhsil sahəsində yeni islahatların tətbiqinin əsasını qoyub. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələr genişlənib, iqtisadi cəhətdən dayanıqlı əmək bazarı formalaşdırılıb, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin yaradılıb. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində layihələrin hazırlanmasına dəstək verən innovasiya laboratoriyaları yaradılıb.
Emin Məmmədov bildirib ki, məktəblərdə tədrisin müasir tələblər əsasında qurulması, o cümlədən STEAM təhsil metodunun həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncama əsasən mütərəqqi təhsil metodu kimi əhəmiyyətini nəzərə alaraq ümumtəhsil məktəblərində STEAM kabinələri yaradılıb, yeni avadanlıq və qurğularla təmin olunub, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanıb. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Elmin İnkişaf Fondunun Himayədarlar Şurasının üzvü Rəhman Məmmədov muxtar respublikada STEAM təhsilində görülən işlər barədə məlumat verib. Bildirib ki, tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdləri arasında STEAM layihələri üzrə “Robotunu yarat”, “Xətt izləyən robot”, “Micro:bit”, “Sosial texnologiyalar”, “Lego Sumo”, “3D bacarıqlar” və “Labirint robot” olmaqla 7 müsabiqə keçirilib. Təşkil edilən müsabiqələr şagirdlərin STEAM üzrə bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, onların həm “STEAM təhsil" festivalına, o cümlədən ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlanmalarına müsbət təsirini göstərib. Görülən işlərin nəticəsi olaraq muxtar respublika şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “STEAM Azərbaycan Festivalı - 2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər.
Nazir qeyd edib ki, iyunun 11-də Naxçıvanda ilk dəfə “STEAM təhsil" festivalı keçiriləcək. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq festivalda 640 şagird 204 layihə ilə, 84 tələbə isə 58 layihə ilə iştirak edəcək. Bu festival tədrisi ili ərzində STEAM təhsili sahəsində görülən işlərin yekun göstəricilərini nümayiş etdirməklə yanaşı, həm də elmi, texnologiyanı sevən şagirdlərə, tələbələrə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq.
Vurğulanıb ki, bugünkü konfransın keçirilməsinin məqsədi ölkəmizdə və o cümlədən muxtar respublikamızda ümumi və ali təhsildə tətbiq edilən STEAM təhsilinin elmi-nəzəri və praktik cəhətdən əhəmiyyətini müzakirə etmək, gələcək perspektivləri haqqında yeni yanaşmaları müəyyənləşdirmək, əldə olunan biliklərin səmərəli tətbiqinin nəticələrini təhlil etməkdir. Konfransa 100-dək məqalənin təqdim olunması onu deməyə əsas verir ki, ilk dəfə keçirilməsinə baxmayaraq konfrans böyük marağa səbəb olub.
Türkiyə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Devrim Akgündüz və Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Orhan Gölbaşı konfransda çıxış ediblər. Bildiriblər ki, dünya təhsil sistemində STEAM metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. Məqsəd şagirdlərin düşüncə qabiliyyətini inkişaf etdirmək və əldə olunan biliklərin səmərəli tətbiqinə nail olmaqdır. ABŞ, Sinqapur, İsrail, Türkiyə və bir çox ölkələrdə xüsusi “STEAM məktəbləri”, “STEAM mərkəzləri” fəaliyyət göstərir.
Konfransın davamında İsrail ORT Məktəblər şəbəkəsinin tədris idarəetmə rəhbəri, təhsil sistemlərində, təhsil texnologiyalarında informasiya kommunikasiya texnologiyaları ilə inteqrasiya və tətbiqi üzrə beynəlxalq təcrübəli mütəxəssis Şaron Qrinberq İsraildə STEAM-in inkişafı barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü Elbrus İsayevin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun və “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyevanın çıxışları dinlənilib.
Qeyd edilib ki, bu günün STEAM təhsili gələcəyin mükəmməl dizaynerlərinin, proqramçılarının, texnoloqlarının, müəllimlərinin, həkimlərinin yetişməsinə təkan verən bir təhsildir. Çünki STEAM fənlərarası inteqrasiyaya əsaslanaraq şagirdin bilik və bacarığını inkişaf etdirir. STEAM dərslərində şagirdlər özünü ifadəetmə vərdişləri, müzakirə etmə, tənqidi düşünmə və problem həlletmə bacarıqları qazanırlar. Onlar bir neçə fəndən əldə etdikləri bilikləri tətbiqə çevirə bilirlər.
Konfransın sonunda “STEAM Naxçıvan” layihəsi çərçivəsində görülən işlərlə bağlı hazırlanan videoçarxa baxış olub.
Konfrans bölmə iclasları ilə davam edib.
Mahmud Hüseynov