"Milli Qurtuluş Günü" mövzusunda interaktiv dərs keçirilib, 1 dərs saatı bu tarixi günə həsr olunub. - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərs keçirilib.

İnteraktiv dərsdə Heydər Əliyev Muzeyinin eksponatları, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu əks etdirən nadir tarixi sənədlər, elmi nəşrlər, xatirə əşyaları, həmçinin dahi rəhbərin ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumatlar verilib. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır vəziyyətə düşmüş, müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidi ilə Bakıya qayıdan ümummilli lider 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı insanların qəlbində sönmüş müstəqillik arzularını alovlandırdı.

Qeyd olunub ki, Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il ümummilli liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verib. Ulu öndərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirib, regionun sabit, inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrilib.

Bildirilib ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursun uğurla davam etdirilməsi faktı dayanır. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəricisidir.

Şagirdlərin diqqətinə çatdırılıb ki, muxtar respublikamızın ən ucqar dağ kəndlərində belə yeni məktəb binalarının inşası, maddi-texniki bazasının möhkəmləndirilməsi, gələcəyimiz olan uşaqların müasir tədris şəraiti yaradılan məktəb binalarında təhsil alması Milli Qurtuluşumuzun  bəhrələridir. 

Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Bu gün həmçinin ümumtəhsil məktəblərində 1 dərs saatı da Milli Qurtuluş Gününə həsr olunub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: