Turançı şair Əhməd Cavad yaradıcılığının Türkiyədə tədqiqi və nəşri məsələləri

A- A A+

XIX əsrin sonlarından etibarən Azərbaycan ictimai fikrində Türkiyə ilə əlaqələr daha da genişlənməyə başladı. Avropa dövlətlərinin və Rusiyanın Osmanlı imperiyasına qarşı təzyiqlərinin daha da artdığı bu illərdə Azərbaycanın qabaqcıl ictimaiyyətinin Osmanlı Türkiyəsinə, xüsusilə türk ədəbiyyatına olan maraq və diqqətini daha da qüvvətləndirdi. Tədqiqatçı A. Məmmədlinin göstərdiyi kimi, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanla Osmanlı Türkiyəsi arasında ədəbi-mədəni, tarixi-siyasi əlaqələrin sıxlaşmasına təsadüfi hal kimi baxmaq düzgün olmazdı. Xüsusilə ədəbiyyatda başlanan milliyyətçilik də Azərbaycanda zamanında təqib olunurdu. Bakıda “Füyuzat” jurnalı nəşrə başlayır, İstanbulda təhsil görmüş Azərbaycan ziyalıları, eləcə də Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə vətəndə tədris və mətbuat sahəsində daha çox  fəallıq göstərir, turançılığı, türk milli birlik ideyalarını təbliğ edirdilər. Daha sonra Məmməd Əmin Rəsulzadə türkçülük mübarizəsini Azərbaycanda inamla  davam etdirdi.

Bu dövrdə Bakı ilə yanaşı, qəhrəmanlar yurdu olan qədim Gəncə ölkəmizin ictimai-milli həyatında mühüm rol oynayan ikinci şəhər kimi özünü göstərirdi.  Nizami yurdu Gəncə həm də özünün ədəbi-mədəni mühiti ilə tanınırdı. XX əsrin birinci rübündə Gəncə mədrəsəsinin ətrafında dövrümüzün ən layiqli alimləri, sənətkarları, eləcə də Hüseyn Cavid, Abdulla Tofiq Sur, Əli Razi, Əli Nəzmi və b. toplanmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə yazırdı ki, ”Gəncədə təsis edilən “Mədrəseyi-Ruhaniyyə” vəqtilə milliyyətpərvərlik ruhunun təqviyə edilən ən mühüm mərkəzi idi. Buradan Azərbaycan bir çox müəllimlər, mühərrirlər, şairlər qazanmışdır”. Belə şəxsiyyətlərdən biri də romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi şair Əhməd Cavaddır (1892-1937). Fitri istedad sahibi olan bu böyük əqidə yolçusu ruhani ailəsində böyümüş, “Qurani-kərim”i başdan-ayağa əzbər öyrənmiş, hafiz adını almışdı. O, Gəncə Ruhani seminariyasının tələbəsi olarkən (1906-1912) türkçülük məfkurəsinin alovlu təbliğatçısı və tərənnümçüsü olan müəllimləri Abdulla Tofiq Sur və Hüseyn Cavidin  təsirilə kamil bir turançı kimi yetişmişdi. Bildiyimiz kimi, bu ziyalı və ədəbiyyat adamlarının hər ikisi İstanbulda təhsil almış, “dildə, fikirdə, işdə birlik” ideyasını özlərinin həyat tərzinə çevirmiş, bu ruhani seminariyasında tədris işi ilə məşğul olmuş, eyni zamanda turançılığı, ümumtürk mədəniyyətini təbliğ və tərənnüm etmişlər. Burada Türkiyədən gəlmiş müəllimlərdən Mehmet Əfəndi və Savad Cavadın əməyini də xüsusilə qeyd etmək lazımdır. Elə ilk illərdən bu istedadlı tələbə öz müəllimlərinin diqqətini cəlb etmiş, onun gələcəyin istedadlı türkçüsü, müəllim və şairi olacağına böyük inam bəsləmişlər. Beləliklə, Ə. Cavad dünyagörüşünün formalaşmasına Türkiyə təsiri hələ Gəncə mədrəsəsində oxuduğu illərdən özünü göstərməyə başlayır. Bu təsir Balkan savaşı və Birinci Dünya müharibəsi illərində romantik şairimizin ədəbi-bədii yaradıcılığında aparıcı xəttə çevrilir,  ümumtürkçülük  fəlsəfəsi, məfkurəsi halına gəlir.

Böyük türkçü şairimiz Birinci Dünya müharibəsi illərində də Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatında fəal iştirak etmişdir. O, Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi döyüş bölgələrində olurdu. Ə.Cavad cəmiyyətin xüsusi təmsilçisi Xosrov bəy Sultanovun köməkçisi, həm də məsul katibi kimi hərbzədə qaçqınların siyahısını tutur, onlara yardım paylayır, yaralı türk döyüşçülərinə baş çəkir, bölgədəki xəstəxanalara, məktəblərə, yetimlər evinə gedir, əhalinin zəruri ehtiyacları  haqqında cəmiyyətə yazılı məlumatlar göndərirdi. Qüdrətli vətənpərvər şair 1917-1918-ci ilə qədər Batum, Qars, Ardahan, Ərzurum, Trabzon, Rizə bölgələrində bu fəaliyyətini fəal şəkildə davam etdirmişdir. O, eyni zamanda bu bölgələrdəki müşahidələri əsasında xeyli ədəbi-bədii və publisistik əsərlər də yazmışdır. Öz türkçülük məfkurəsini Azərbaycanda, bütün Qafqazda, Balkanlarda, Anadoluda savaş illərində belə, yaymış, onun uğrunda cəbhələrdə vuruşmuşdu. Ə.Cavadın 1914-1919-cu illərdə qələmə aldığı  “Çırpınırdın, Qara dəniz”, “Bismillah”, “Azərbaycan bayrağına”, “Marş”, “İstanbul”, “Türk ordusuna”, eləcə də “Göy göl” (1925) kimi şeirləri milli istiqlal, türk birliyi, turançılıq ruhu ilə yoğrulmuşdu və bu şeirlər az bir zamanda türk dünyasında, eləcə də Türkiyədə böyük marağa səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, Mustafa Kamal Atatürkün şəxsi kitablarının arasında Ə.Cavadın 1919-cu ildə Bakıda çap olunmuş avtoqraflı “Dalğa” kitabının da olması təsadüfi deyildi.

Əhməd Cavad irsi Türkiyədə ilkin olaraq XX əsrin 1917-1930-cu illəri arasında, daha sonra XX əsrin 70-ci illərindən başlayaraq araşdırılmışdır. Aradakı boşluq Türkiyədə prezident İsmət İnönünün hakimiyyəti dövründə türkçülük, turançılıq məfkurəsinin təbliği və tədqiqinin yasaq edilməsi ilə bağlı idi. Hətta bu məsələ dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi. Digər tərəfdən də Sovet dövləti Türkiyə dövlət rəhbərliyinə təzyiq göstərirdi. İkinci Dünya müharibəsinin qalibi olan SSRİ-nin tələbi ilə bu ölkədə mühacirət mətbuatı bağlanmış, burada fəaliyyət göstərən bir sıra müsavatçılar sovet dövlətinə təhvil verilmişdi,  hətta M.Ə.Rəsulzadə və başqa mühacirlər ölkədən çıxarılmışdı. Ona görə də Türkiyədə Ə.Cavad irsinin öyrənilməsi işi ancaq keçən əsrin 70-ci illərindən etibarən canlanmağa başladı.

Əhməd Cavadın 1916-cı ildə Bakıda nəşr olunan ilk kitabı -“Qoşma” şeirlər toplusu tək Azərbaycanda deyil, türk dünyasında, İstanbulda da əks-səda vermişdi. Görkəmli türkçü Ziya Gökalp mövzusu türk birliyi olan bu kitabı yüksək qiymətləndirmiş, oradan “İraq” şeirini seçərək qurucusu olduğu “Yeni məcmuə” adlı jurnalda (1918) çap etdirmişdi. Şeirin əvvəlində Azərbaycanda da yaxşı tanınmış “Türkçülüyün əsasları” kitabının müəllifi yazırdı: “Qoşma” ismində olan bu kitabın nazimi Əhməd Cavad ismində bir türkdür. Bu millətpərvər şairin bütün şeirləri Osmanlı türklərinə, ana vətənə, orduya xitab edilmişdir. Müharibənin müxtəlif səhifələrinə təəllüq edən bəzi parçanı birər-birər məcmuəmizdə dərc edəcəyik” (Yeni məcmuə, 1918).

Ziya bəy verdiyi bu sözə də əməl etmişdi. Belə ki, o, 1917-ci ildə Bakıda çap olunan “Qardaş köməyi” kitabı haqqında yenə həmin məcmuədə az sonra  məlumat vermiş və bu kitabdan Ə.Cavadın “Yazıq” şeirini də nümunə gətirmişdir (Yeni məcmuə, II c.İstanbul, 2 may, 1918, s.337-338).

Türk ədəbiyyatının digər görkəmli nümayəndəsi, satirik və yumoristik hekayələr ustası istedadlı nasir Ömər Seyfəddin (1884-1920) “Türk dünyası” jurnalında çap etdirdiyi “Azərbaycanın istiqlalı münasibətilə” adlı məqaləsində Azərbaycan və Türkiyənin ortaq mənəvi mədəniyyətindən, din, dil, tarix və etnik  birliyindən bəhs edir, gənc nəsildən söz edərkən, xüsusilə Əhməd Cavad və onun “Qoşma” kitabını nümunə göstərərək yazırdı: “Ə.Cavad adlı şairin ”Qoşma” şeir kitabı sanki İstanbulda yazılmışdır. Şeirlərin vəzni millidir. Halbuki 5-10 il bundan öncə azəri qardaşlarımız da bizim kimi fars əruzunu işlədirdilər”. Onu da qeyd edək ki, müəllif, Anadolu türkləri ilə Qafqaz türkləri arasında ədəbi əlaqələrin son illərdə geniş vüsət aldığını qeyd edir və bununla əlaqədar sadə türkcə yazan M.Yurdaqul ilə Ə.Cavad yaradıcılığını qarşılaşdırırdı.

İstanbul universitetinin professoru Ə.Cəfəroğlu “Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış” (AYB, 1954,NO:37, s.40-48) əsərində Ə. Cavaddan da bəhs etmişdir. Bu görkəmli türkoloq Ə. Cavad yaradıcılığına çox düzgün qiymət verərək yazırdı ki, Azərbaycan ədəbiyyatı tarixində Birinci cahan müharibəsinin salnaməsini, tarixini onun qədər heç bir Azərbaycan şairi olduğu kimi əks etdirə bilməmişdir.

Hüquqşünas-tarixçi Hüseyn Bayqara mütəfəkkir şəxsiyyət Əhməd Cavadla dost, yoldaş olmuşdur. Ona görə də “Azərbaycan istiqlal mübarizəsi tarixi” adlı kitabında (İstanbul, 1975) müəllif azadlıq mübarizi adlandırdığı, klassik  Azərbaycan şairi kimi təqdim etdiyi Əhməd Cavada ayrıca “Azərbaycan şairi Əhməd Cavad azadlıq mübarizəsində” adlı bölmə ayırmışdır. Onun böyük milli istiqlal şairimiz haqqında verdiyi aşağıdakı məlumat da tarixi mənbə qüvvəsinə malikdir. “Türk ordusu Bakıya daxil olanda Ə. Cavad mehmetcik və azəri əsgər yoldaşları ilə Yasamal dağlarındakı səngərlərdə düşmənlə vuruşub”. Bu fikri şairin özünün “İngilis” şeirinə yazdığı qeyd də təsdiq edir. Orada yazılmışdır: “Bu parça  əsgərlərimiz tərəfindən Bakı mühasirə edildiyi vaxt Bakı ətrafında bulunan Güzdəkdə söylənmişdir”. H.Bayqarada istiqlal şairimizin yaradıcılığına o qədər böyük heyranlıq, böyük hörmət və sevgi vardır ki, onun fikrincə, şair dilinin sadəliyi ilə Azərbaycanda Cavad ədəbi məktəbini yaratmışdır. 1990-cı ildə Ankarada İqdır doğumlu Sərvət Gürcan böyük sənətkarın seçmə şeirlərini “Çırpınırdın, Qara dəniz” adı ilə kitab halında (120 s.) nəşr etdirmişdir. Kitabın  geniş ön sözündə Ə.Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin Türkiyədə sevilən, türkçülük, turançılıq mövzulu bir neçə şeiri təhlil olunur.         

Sovetlər birliyi dağıldıqdan sonra Türkiyənin türk dünyası ilə ədəbi-mədəni əlaqələri sürətlə genişlənməyə başladı. Belə ki, 1992-ci ildə Ankarada nəşr olunan “Çağdaş Azərbaycan şeiri Antolojisi”ndə  Ə. Cavad haqqında məlumat və onun 7 şeiri yer almaqdadır. Ondan az sonra, yəni 1993-cü ildə Kültür Bakanlığının nəşriyyatında işıq üzü görmüş çoxcildli  “Türkiyə dışındakı Türk ədəbiyyatları antolojisi”nin Azərbaycan ədəbiyyatına həsr edilmiş IV cildində (   1993) Ə. Cavada geniş yer verilmişdir. Bu kitabda “Azerbaycanın XIX-XX yy.Türk Edebiyatı” adlı bölməni professor Vilayət Muxtaroğlu yazmışdır. Burada şairin həyat və yaradıcılığı haqqında məlumat və  20 şeiri verilmişdir.

Dos.dr. İrfan Murad Yıldırımın 1992-ci ildə İzmirdə nəşr olunmuş “Salam türkün bayrağına” kitabı milli istiqlal şairi Əhməd Cavad irsinin tədqiqinə həsr olunmuş ən dəyərli əsərlərdən biridir. 224 səhifəlik bu kitabın 56 səhifəsi böyük turançı şairin həyat və yaradıcılığının əsas məziyyətlərindən bəhs edir. Kitabda böyük istiqlal şairimizin yüzə qədər şeiri yüksək səviyyədə, türkçülük nəzəri ilə elmi cəhətdən təhlil edilmişdir. İ. M. Yıldırımın Ə. Cavad yaradıcılığı haqqında ümumi qənaəti belədir: “Biz şairin 1920-ci ildən əvvəlki şeirləri ilə sevincini, coşqusunu, səmimiyyətini, milliyyətçi yönünü tanıyacağıq, 1920-ci ildən sonrakı şeirlərində isə gərginliklərini, çarəsizliklərini, ağrı-acılarını izləyəcəyik. Bu son dönəm şeirlərində etdiklərini, fikirlərini inkar etməyə məcbur edilən bir sənətçinin fəryadlarını duyacağıq”. Alimin fikrincə, romantik şairimizin özünəməxsus məziyyəti onun Azərbaycan istiqlalına və milli duyğularına tərcüman olmasıdır.

Kitabın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, burada böyük sənətkarın yaradıcılığının əsas istiqamətləri və mərhələləri, türkçülük görüşləri çox düzgün şəkildə izah edilmişdir. Konkret olaraq “İstanbul” şeirinin təhlilində bu fikrin təsdiqini açıq şəkildə görürük. O yazır: “Ə. Cavad yalnız Türkiyənin deyil, bütün türklüyün paytaxtı olaraq gördüyü İstanbula və türklüyün qırılan ümidlərinə göz yaşı tökür. Bu səmimiyyət dolu bir ağlamadır. Çünki bütün dünya türklüyünün ümidi Türkiyədir. Oranın paytaxtının işğalı da bütün türk dünyasında böyük bir ümidsizlik oyandırmışdır”.

Müəllif istiqlal şairinin Türkiyə mövzulu şeirlərini çox düzgün olaraq belə  mənalandırır: ”Şair siyasi meydanda görülən bu qarışıqlıqda bütün türklərin  istər coğrafi, istərsə də fikrən birləşdiyi bir ideal axtarırdı. Bu ideal Turan idealıdır və bunu gerçəkləşdirəcək olan Türkiyədir. Onun Bakını xilas etməyə gələn türk ordusundan ordumuz deyə söz etməsi, ingilislərə Çanaqqalada dərs verdik deyə öyünməsi, İstanbulun işğalına göz yaşı tökməsi də bu səbəbdəndir”.

Onu da qeyd edək ki, istiqlalçı, turançı şairimizin anadan olmasının 130 illiyi münasibətilə bu günlərdə Ankara şəhərindəki küçələrdən birinə Əhməd Cavadın adı verilmişdir.

Müstəqillik illərində, xüsusilə son dövrlərdə cümhuriyyət şairi, türkçü, turançı Əhməd Cavadın yaradıcılığı daha geniş şəkildə və milli ideologiya işığında araşdırılır. Ölkə prezidenti İlham Əliyevin Turan dünyasını vəsf edən Ə. Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncam və Ali Məclis Sədrinin təsdiq etdiyi Tədbirlər planı bu sahədə aparılan tədqiqatların həm Azərbaycan, həm də qardaş Türkiyədə daha da vüsət almasına təkan vermişdir. Böyük turançı şair Əhməd Cavadın ədəbi-bədii irsi türkçülük məfkurəsinin inkişafına xidmət edən səmimi bir yaradıcılıq nümunəsi, zəngin bir poetik xəzinədir.

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: