Ümumtəhsil məktəblərində “Son zəng” çalınıb

A- A A+

İyunun 14-də muxtar respublikanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, tədbirlərdə çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, muxtar respublikanın hər bir bölgəsində, ən ucqar yaşayış məntəqələrində belə müasir məktəb binaları ən yeni avadanlıqlarla təmin olunaraq şagirdlərin ixtiyarına verilib. Onlar üçün yaradılan müasir tədris şəraitindən yararlanan şagirdlər hərtərəfli biliyə malik vətəndaş kimi formalaşırlar.

Qeyd olunub ki, ümumtəhsil məktəblərində tətbiq edilən müasir təlim metodları, o cümlədən STEAM təhsil metodu şagirdlərin gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yenilikçi və təşəbbüskar şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Dövlətin onlar üçün yaratdığı  müasir tədris şəraitindən istifadə edən şagirdlər bilik və bacarıqlarını artırmaqla yanaşı buraxılış və qəbul imtahanlarında da  ildən-ilə uğurlu nəticələr əldə edirlər.

Cari tədris ilində ümumi orta təhsil bazasından 4187, tam orta təhsil bazasından isə 2990 şagird məktəbi bitirir. Bu tədris ilində ümumtəhsil məktəblərini bitirən 2990 məzundan 2848-i, yəni məzunların 95.3 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul üçün sənəd verib.

Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada təkcə ümumtəhsil məktəblərində yox, eyni zamanda  peşə, orta ixtisas, ali təhsil müəssisələrində də gənclərin hərtərəfli biliklərə yiyələnməsi üçün müasir tədris şəraiti yaradılıb.

Tədbirlərdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında  uğurlar arzulayıblar.

Məktəblərin məzunları müəllimlərə minnətdarlıq edərək hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər.

“Son zəng” tədbirlərində şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: