Gələcəyin hüquqşünasları praktiki təcrübə keçiblər - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbələrinin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat, notariat və icra sahəsində görülən işlərlə əyani tanışlığı təmin edilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin gündəlik iş prosesində iştirak edən tələbələrə əvvəlcə Naxçıvan Şəhər 1 saylı Nikah Evində qeydiyyat sahəsində görülən işlər və vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib, nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması proseduru izah edilib. Naxçıvan Şəhər 2 saylı Notariat Ofisində isə tələbələrə notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, bu proseslər zamanı dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilib. Nazirliyin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində də tələbələr qurumun iş fəaliyyəti ilə də yaxından tanış olub, icra işlərinin aparılmasında iştirak ediblər.
Təcrübə müddətində tələbələri maraqlandıran suallar cavablandırılıb.