Naxçıvanda magistrantların XIII regional elmi konfransı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu magistrantlarının birgə konfransı keçirilib.
Konfransda Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin direktoru, biologiya elmləri doktoru Etibar Məmmədov qeyd edib ki, hazırda universitetin magistratura təhsil səviyyəsində birinci kurslarda 67 ixtisaslaşma üzrə 223, ikinci kurslarda isə 64 ixtisaslaşma üzrə 199 magistrant təhsil alır. Bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə bakalavr mərhələsini bitirən 600-dən artıq məzun imtahanda iştirak edib, bunlardan 355 nəfəri müsabiqə şərtlərini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıblar. Muxtar respublikada elm, təhsil üçün yaradılan münbit şəraitin nəticəsidir ki, Azərbaycanın digər bölgələrindən də magistrantlar Naxçıvan Dövlət Universitetində təhsilə üstünlük verir. Belə ki, 30 nəfər artıq ixtisas seçimində ilk olaraq məhz Naxçıvan Dövlət Universitetini seçib.
Universitetin rektoru Elbrus İsayev konfransda çıxış edərək muxtar respublikada yerləşən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın elm, təhsil sahəsinə töhfələr verdiyini vurğulayıb. Elbrus İsayev universitetdə yaradılması nəzərdə tutulan Texnologiyalar Parkının da magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. Eyni zamanda vurğulanıb ki, tələbələr gələcəkdə Texnopark vasitəsilə beynəlxalq şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanacaqlar.
Ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, əvvəlki dövrlərlə müqayisədə müasir tədris proqramına uyğun keçirilən dərslər tələbələrin ixtisaslı kadr kimi yetişməsinə xidmət edir. Muxtar respublikanın dərindən tədqiq edilərək öyrənilməsi məqsədilə yaradılan akademiyada elmi-tədqiqat işlərinin həyata keçirilməsi uğurla davam etdirilir. Akademik elmi-tədqiqat işlərinin daha geniş vüsət alması üçün magistratura təhsilini başa vuran məzunların akademiyada fəaliyyət göstərməyi üçün yaradılan şəraitdən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov bildirilib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımından xüsusi rola malikdir. Bu gün dünyanın nüfuzlu platformalarında tarixi faktlara əsaslanan məqalələrin yer alması bu sahədə ixtisaslı kadrlara olan tələbatı daha da artırır.
Təhsilin və elmin qarşısında duran əsas vəzifənin yüksək ixtisaslı kadrların hazırlanması olduğunu vurğulayan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva isə bildirib ki, universitetdə 9 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Rektor hər üç ali təhsil müəssisənin birgə qatıldığı konfransın əhəmiyyətini vurğulayıb.
Konfransda “Elektroenergetika” ixtisası üzrə I kurs magistrant Asim Abdulla “Yaşıl enerji”, “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə I kurs magistrant Bahar Həbibi “Nanotexnologiyaların həyatımızda rolu” mövzusunda çıxışlar ediblər.
Sonda elm, təhsil və ictimai həyatındakı fəal iştirakına görə “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə II kurs magistrant Təbrizə Bağırovaya “İlin magistrantı” diplomu təqdim edilib. Bir qrup magistrant da könüllülük fəaliyyətinə görə diplomla mükafatlandırılıb.
Konfrans bölmə iclasları ilə işini davam etdirib. 12 bölmə iclasında magistrantların yazdıqları dissertasiya işləri dinlənilib və qiymətləndirilib.
Səadət Əliyeva