AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Mahnur Cəfərlinin “İstifadə edilən ionitlərlə sulu məhlullardan ağır metal ionlarının seçici sorbsiyası” adlı məqaləsi Rusiyanın impakt faktorlu “Elm və dünya” beynəlxalq elmi jurnalında dərc olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elmin nəzəri və tətbiqi sahələri üzrə innovativ biliklərin, ixtira və nailiyyətlərin əksini tapdığı jurnal müxtəlif elmi bazalar üzrə indeksə malikdir.
Tədqiqatın məqsədi Zn2+ və Pb2+ ionlarının Amberlite IRP-64 və Amberlite IRP-69 kationları tərəfindən sorbsiyasını araşdırmaq və texnoloji tələblərə cavab verən parametrlərin hesablanmasıdır.
Məqalədə ağır metalların qeyri-müntəzəm istifadəsi nəticəsində su ehtiyatlarının çirklənməsindən narahatlıq ifadə olunub. Sudakı ağır metalların ətraf mühitə və əhalinin sağlamlığına mənfi təsiri, sənaye çirkab sularından gələn mis, sink, qurğuşun və digər metal qalıq konsentrasiyasının azaldılması problemi araşdırılıb. Müəllif qeyd edir ki, ion mübadiləsi metodu ilə metallarla çirklənmiş çirkab sularının təmizlənməsi üçün effektivliyinə, xərc səmərəliliyinə, təkrar istifadə və ayrılma asanlığına görə polimer ion dəyişdiricilərindən geniş istifadə oluna bilər.