NDU-da respublika elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri” mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetin İncəsənət fakültəsində keçirilən konfransda rektor Elbrus İsayev artıq ənənə halı alan belə konfransların əhəmiyyətindən danışıb. Qeyd edib ki, universitetin incəsənət sahəsində regional və beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi diqqətdə olan məsələlərdəndir. Bugünkü konfrans da gələcək əlaqələrin inkişafı baxımından önəmlidir. Elbrus İsayev qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

“Azərbaycan folklorunda Naxçıvan yallıları” mövzusunda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə bildirib ki, rəqs janrının çox qədim tarixə malik qollarından biri olan yallı Naxçıvanda xüsusilə də, Şərur rayonunda illərdir yaşadılaraq nəsildən-nəslə ötürülüb. Vurğulanıb ki, aparılan tədqiqatlar nəticəsində Naxçıvanda 90 adda yallı toplanılaraq nota alınıb. Professor “Azərbaycan yallıları”, “Azərbaycan qaytağı rəqsləri”, “Azərbaycanın unudulmuş marşları”, “Azərbaycan cəngi rəqsləri” və digər rəqslər haqqında bir neçə kitabı universitetə hədiyyə edib.

Sonra universitetin Tələbə Teatr Studiyasının yallı və rəqs qrupunun ifasında “Xələfi”, “Köçəri” və “Tənzərə” yallıları nümayiş etdirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Naxçıvanlı naməlum rəssam” adlı çıxışında görkəmli Mirişlilər nəslindən olan rəssam Rəşid Mirişli haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Rəşid Mirişlinin bədii-estetik tutumuna görə bu gün də əhəmiyyətini qoruyub saxlayan kitab nişanları Azərbaycan qrafika sənətinin yaddaqalan uğurlarından sayılır. Rəssamın Naxçıvan təbiətini tərənnüm edən əsərləri də xüsusi maraq doğurur.

Naxçıvan Dövlət Universitetinin sənətşünaslıq üzrə elmlər doktoru, dosent İnara Məhərrəmova “Milli bəstəkarlarımızın yaradıcılığında Naxçıvan mövzusu” adlı çıxışında diqqətə çatdırıb ki, naxçıvanlı şair və dramaturqların əsərləri Azərbaycan bəstəkarlarının yalnız musiqili-səhnə əsərləri deyil, simfonik janrda yazılmış monumental əsərlər üçün də mövzu olub.

Sonda rektor Elbrus İsayev qonaqlara hədiyyələr təqdim edib. 

Qeyd edək ki, konfrans “Sənətşünaslıq”, “Bəstəkarlıq sənəti”, “Naxçıvan mədəniyyəti” və “Musiqi ifaçılığı” mövzularında bölmə iclasları ilə davam edib, ümumilikdə 71 mövzu üzrə çıxışlar dinlənilib.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: