Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.
İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.