NDU-da “Xarici dillərin tədrisi və tədqiqində ənənəviliyin və müasirliyin vəhdəti” respublika elmi konfransı keçirilib - FOTOLAR
Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsində “Xarici dillərin tədrisi və tədqiqində ənənəviliyin və müasirliyin vəhdəti” respublika elmi konfransı keçirilib.
Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə ali təhsil ocağının İngilis dili və tərcümə kafedrasının müdiri, dosent İlhamə Məmmədova qeyd edib ki, ali təhsil ocağında ingilis, fransız, alman, rus, ərəb və fars dilləri olmaqla, altı xarici dil üzrə pedaqoji və tərcümə yönlü kadr hazırlığı aparılır. 2012-2013-cü tədris ilində isə ingilis dili müəllimliyi ixtisası üzrə qiyabi təhsil formasında kadr hazırlığına başlanılıb, eləcə də əlavə ali təhsil qaydasında da ingilis dili müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Bildirilib ki, ali məktəbin müəllimləri müxtəlif beynəlxalq layihələr çərçivəsində Avropa ölkələrinin qabaqcıl tədris ocaqlarında təcrübə keçirlər.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov konfransın Azərbaycan dövlətinin həyata keçirdiyi təhsil konsepsiyasının mühüm tərkib hissələrindən biri olduğunu deyib. Bildirilib ki, qloballaşan dünyada Azərbaycan təhsilinin dünya təhsil və elm məkanına inteqrasiyası, elmi əməkdaşlıq və eləcə də ikili diplom proqramları xarici dillərin öyrənilməsini daha da aktuallaşdırıb. Prorektor ali təhsil ocağı ilə bir sıra xarici universitetlər arasında həyata keçirilən proqram və layihələrdən də bəhs edib.
Tərcümə sənətinin tarixindən danışan Azərbaycan Dillər Universitetinin professoru Qılıncxan Bayramov ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olduğunu nəzərə çatdıraraq, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək üçün tərcümənin keyfiyyətinin vacib olduğunu vurğulayıb.
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova hər iki universitet arasında əlaqələrdən danışıb, gələcək əməkdaşlıq məsələləri barədə məlumat verib.
Konfransa onlayn olaraq qatılan Qazi Universitetinin dosenti Paşa Tevfik Cebhe “Öyrənmə ingilis dili bacarıqları” mözusunda çıxış edib. Qeyd edilib ki, Türkiyənin ən məşhur universitetlərindən biri olan Qazi Universitetinin əsası 1926-cı il qoyulub. Bildirilib ki, akademik göstəricilərinə görə Türkiyənin ən yaxşı ilk 5 universiteti sırasında öz yerini qoruyan Qazi Universiteti dünya universitetləri sıralamasında da dünyanın ən yaxşı ilk 500 universiteti arasında yer alıb. Qeyd edilib ki, NDU ilə Qazi Universiteti arasında qurulan beynəlxalq əməkdaşlıq gələcəkdə hər iki ali təhsil ocağının inkişafına öz töhfələrini verəcək. Slayd vasitəsilə çıxış edən natiq tərcümənin mümkün problemlərindən bəhs edərək, tərcümə prosesinin yersiz müdaxilədən uzaq olmasının vacibliyini vurğulayıb. Həmçinin tərcüməçinin tərcümə prosesində müəllifin yaradıcılığına tam bələd olmasının vacibliyi, xüsusilə sənətkarlıqla yanaşılması vurğulanıb.
Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli bu cür konfransların əhəmiyyətini vurğulayaraq bölmə iclaslarının işinə uğurlar arzulayıb.
Konfrans Xarici dilin tədrisi, Tərcümənin tədrisinə dair mövzusunda iki bölmə ilə davam edib. Qeyd edək ki, hər iki bölmədə xarici dilin tədrisi və metodikasına dair 30-dan çox məruzə dinlənilib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dillər Universitetinin professoru Qılıncxan Bayramov konfransdan sonra müəllim və tələbələrə ustad dərsi keçib.
Səadət Əliyeva
NDU-nun Tv, mətbuat, ictimaiyyətlə əlaqələr bölməsinin müdiri