Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb - FOTOLAR

A- A A+

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən  NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə ali təhsil ocağında ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetin Diplomatiya kabinəsində ikitərəfli görüş baş tutub. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, hər iki ali təhsil ocağının birgə təşkilatçılığı ilə keçirilən forumun işinə uğurlar arzulayıb. Universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri haqqında məlumat verən rektor ali təhsil ocağında qurulan Texnopark və onun fəaliyyət sahələri barədə danışıb, beynəlxalq əməkdaşlıq məsələləri qonaqların diqqətinə çatdırılıb. Rektor universitetdə Azərbaycan və ingilis dilində tədrisi həyata keçirilən ixtisaslar haqqında məlumat verib, yeni açılan ixtisaslar və gələcək perspektivlər vurğulanıb. Regionda ingilis dilinin fəaliyyətinə xüsusi dəstək məqsədilə ali təhsil ocağında qurulan  IELTS qeydiyyat və imtahan mərkəzinin üstünlükləri və muxtar respublika təhsil sisteminə verəcəyi perspektivlər qeyd olunub.

Elbrus İsayev ali təhsil ocağında artıq 23 ildir fəaliyyət göstərən Tibb fakültəsinin muxtar respublika səhiyyəsinə verdiyi töhfələri diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın səhiyyə sisteminin kadrla təminatı baxımından 80 faizdən çox tibb personal təminatı məhz universitetin tibb məzunları hesabına həyata keçirilir. Rektor qeyd edib ki, fakültə yarandığı dövrdən etibarən qardaş Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub və hər il müəllim tələbə heyəti həmin universitetlərdə təcrübə keçmək imkanı əldə edirlər. Bildirilib ki, universitetdə 32 ixtisas üzrə rezidentura təhsili həyata keçirilir.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilk dəfədir ki, NDU-da olmaqdan məmnun olduğunu dilə gətirib. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi yaranandan başlanan bu əlaqələrdən danışan professor hər iki universitet arasında uzun illərdir davam edən birgə əməkdaşlıq məsələləri haqqında məlumat verib. Ölkədə tibb təhsilində ən birinci universitet olan Azərbaycan Tibb Universiteti 1930-cu ildən ayrıca institut kimi fəaliyyətə başlayıb. Universitetdə mövcud fakültələr haqda məlumat verən Gəray Gəraybəyli ayrıca olaraq Hərbi Tibb fakültəsinin xüsusi əhəmiyyətini qeyd edib. Professor gələcəkdə də yeni ixtisaslar üzrə proqramlar hazırlandığını diqqətə çatdırıb. Vurğulanıb ki, xarici ölkələrdən professor müəllim heyətinin universitetə dəvət olunması və təcrübə mübadiləsi tibb təhsilində beynəlxalq təcrübənin bölüşdürülməsi baxımından çox əhəmiyyətlidir. Rektor ali təhsil ocağında 6 dissertasiya şurasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb və Naxçıvan Dövlət Universitetinə də gələcəkdə bu sahədə xüsusi dəstək göstərilməsi qeyd olunub.

Sonra hər iki universitet arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub və protokol imzalanıb. Protokolda təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirilməsi, birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, təhsilin bütün sahələrində elmi mövzular haqqında məqalələr yazmaq, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini həyata keçirmək, akademik, müəllim və tələbə mübadiləsi həyata keçirmək, konqres, konfrans, simpozium, seminar və bu kimi birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri müzakirə olunub.

Sonda rektorlar hədiyyələr təqdim edib, xatirə fotosu çəkdiriblər. Professor Gəray Gəraybəyli universitetin xatirə kitabına öz ürək sözlərini yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: