I Beynəlxalq Tibbi Forum çərçivəsində NDU ilə Qaradəniz Texnik Universiteti arasında birgə əməkdaşlığa dair protokol imzalanıb - FOTOLAR
NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə muxtar respublikada ilk dəfə olaraq keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti yeni bir əməkdaşlığa başlayıb. Ali təhsil ocağının Diplomatiya kabinəsində keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev Qaradəniz Texnik Universitetinin rektoru professor Hamdullah Çuvalcı və nümayəndə heyətini salamlayıb.
Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının artıq 55 ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor universitetdə 12 fakültə və mövcud ixtisaslar barədə məlumat verib. Bildirilib ki, ali təhsil ocağında 8000-ə yaxın tələbənin tədrisi ilə 1000-ə yaxın professor-müəllim heyəti məşğul olur. Vurğulanıb ki, ali təhsil ocağında bakalavr üzrə 70, magistraturada 80-dən çox, doktorantura pilləsində 40 və rezidentura mərhələsi üzrə 32 ixtisasda kadr hazırlığı aparılır. Türkiyə universitetləri ilə əməkdaşlıq məsələlərini vurğulayan rektor ali təhsil ocağının beynəlxalq əməkdaşlığında qardaş ölkə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, universitetdə qurulan Texnoparkda məhz Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacaq, bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.
Qaradəniz Texnik Universitetinin rektoru Hamdullah Çuvalcı qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyənin ən qədim universitetlərindən biri olmaqla texniki sahədə kadr hazırlığı həyata keçirən universitetlər sırasındadır. Bildirilib ki, 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qaradəniz Texnik Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk universitetlərdəndir.
Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Xatirə hədiyyələri təqdim edildikdən sonra professor Hamdullah Çuvalcı universitetin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, protokolda müəllim, tələbə mübadiləsi, birgə tədqiqat layihələri, distant təhsil, əyani təhsil və tədrisin təkmilləşdirilməsi üçün təlimlər, elmi nəşrlərin mübadiləsi, seminarlar və elmi tədbirlərdə iştirak, qısa müddətli kurs proqramları, müəllimlərin akademik inkişafı üçün təlimlərin təşkili öz əksini tapıb.