Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

A- A A+

AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə tədbir Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2017-ci ildə Ölkə başçısı cənab İlham Əliyevin  və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri cənab Vasif Talıbovun  akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi ilə  bağlı müvafiq sərəncamları olub. Elmi konfrans da  həmin sərəncamlardan irəli gələrək təşkil edilib.

Bölmə sədri öz məruzəsində Həsən Abdullayevin zəngin elmi fəaliyyətinə qısa nəzər salıb. Bildirib ki, görkəmli alim Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. O, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərib, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaradıb. Həsən Abdullayev Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna rəhbərlik edib. Ömrünün çoxunu yarımkeçiricilər fizikasına həsr edən Həsən Abdullayev 15 monoqrafiyanın, 250-dən artıq ixtira, o cümlədən 500-dən çox elmi məqalənin müəllifi olub. O, ABŞ-da, Yaponiyada, Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib, dünya miqyasında fizikanın aktual problemlərinə həsr olunan məruzələrlə çıxış edib.          Vurğulanıb ki, görkəmli alimin elmi nailiyyətlərinə və böyük elmi-təşkilatçılıq fəaliyyətinə görə SSRİ-nin ən yüksək ordenlərinə,  Azərbaycan Dövlət mükafatına, “Əməkdar elm xadimi” fəxri adına, SSRİ EA-nın S.İ. Vavilov adına medalına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanlarına və digər mükafatlara layiq görülüb.

Daha sonra tədbirdə çıxış edənlər Həsən Abdullayevin zəngin elmi fəaliyyətindən söz açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: