Gənc dövlət qulluqçularının andiçmə mərasimi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət orqanlarında yeni işə qəbul olunan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli bildirib ki, mərkəz tərəfindən 2011-ci ildən bugünədək dövlət qulluğunda inzibati vəzifələrin tutulması üçün keçirilmiş 22 müsabiqədə 7270 namizəd iştirak edib, onlardan 1354 nəfəri uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub. Onların da böyük əksəriyyətini gənclər təşkil edir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində işlə təmin olunan gənc dövlət qulluqçusu Gülşən Qasımova çıxış edərək gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib, göstərilən qayğının müqabilində səylə çalışaraq muxtar respublikamızın inkişafına töhfə verəcəklərini qeyd edib.

Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamızın müddəalarına əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib və xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, sonuncu müsabiqəyə 169 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 696 namizəd sənəd təqdim edib. Test və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 81-i vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 40 nəfər andiçmə mərasimində iştirak edib.

Tədbirin sonunda mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: