Naxçıvan Dövlət Universitetinin ev sahibi olduğu I Beynəlxalq Tibbi Forum uğurla yekunlaşıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Duzdağ” hotelində təşkil edilən I Beynəlxalq Tibbi Forumun bağlanış mərasimində universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, ali təhsil ocağının belə mötəbər foruma uğurla ev sahibliyi etməsindən yüksək məmnunluq duyduğunu dilə gətirib. Qeyd edilib ki, yüksək dövlət qayğısı hesabına ərsəyə gələn forum universitet tarixi üçün də çox əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, forum çərçivəsində NDU ilə nüfuzlu 4 ali təhsil ocağı arasında əməkdaşlığın əsası qoyuldu. Rektor muxtar respublika tibb tarixi üçün də öz əhəmiyyətliliyi ilə yadda qalan forumun Naxçıvan səhiyyəsi üçün gələcək perspektivlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Bağlanış tədbirində Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri Müşviq Həsənov forumda əməyi olan hər kəsə öz minnətdarlığını ifadə edib, yüksək təşkilatçılıq səviyyəsindən razılığını diqqətə çatdırıb.

Qonaqların çıxışlarında aktual elmi mövzularda müzakirə və təcrübə mübadiləsindən bəhs olunub, muxtar respublika və forum haqqındakı təəssüratları dinlənilib.

Çıxış edənlər muxtar respublikanın əsrarəngiz təbiətindən, burada qurulan şəraitdən və əhalinin onlara göstərdiyi qonaqpərvərlikdən xoş təəssüratla danışıblar.

Sonra iştirakçı cəmiyyət sədrlərinə, fəxri qonaqlara plaketlər, bölmələr üzrə ən yaxşı təqdimatlara diplom və plaketlər verilib.

Forumun bütün iştirakçılarına, sponsorlara sertifikat və hədiyyə təqdim edilib. Həmçinin forumda iştirak edən NDU-nun işçi qrupu rektor tərəfindən imzalanmış təşəkkürnamə ilə təltif olunub.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının ifasında musiqi nömrələri, kollecin Xoreoqrafiya ixtisası tələbələrinin rəqsləri alqışlarla qarşılanıb. Konsert proqramı forumun bağlanış tədbirinə rəngarənglik qatıb.

 

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: