“Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyasının təqdimatı keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsində Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyasının təqdimatı keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri akademik İsmayıl Hacıyev müəllifin elmi fəaliyyətindən bəhs edib, alimin elmi tədqiqat müəssisəsində elmi işin təşkilinə, gənc kadrların hazırlanmasına göstərdiyi dəstəkdən danışıb.
Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev monoqrafiya ilə bağlı məruzəsində bildirib ki, giriş, yeddi fəsil, nəticə, ədəbiyyat və cədvəllər bölməsindən ibarət olan monoqrafiyada elliptik, dairəvi, hiperbolik və parabolik məhdud üç cisim məsələlərinin öyrənilmə tarixi araşdırılıb, keyfiyyət və ədədi analizlər əsasında məsələnin analitik həlli tapılıb, eləcə də alınan nəticələr Günəş-planet-ulduz üçlüyünə tətbiq edilib. Üç cisim məsələsinin konkret astronomik tətbiqlərini ətraflı araşdıran Azad Məmmədli əsaslı elmi mühakimələrini, riyazi hesablamaları da cədvəl və qrafiklər şəklində kitaba əlavə edib.
Səma cisimlərinin mövqe müşahidələri şöbəsinin elmi işçisi Ruslan Məmmədov monoqrafiyanın elmi əhəmiyyətindən, xüsusilə gənc tədqiqatçılar üçün faydasından danışıb. Əsas və törəmə vahidlərin, astronomik sabitlərin, Günəşin, Yerin və Ayın bütün əsas parametrləri üzrə ən son hesablamaların monoqrafiyada cədvəl formasında verilməsinin müsbət hal olduğunu vurğulayıb.
Sonda çıxış edən monoqrafiyanın müəllifi Azad Məmmədli elmi fəaliyyətinə verilən dəyərə, göstərilən qayğıya görə minnətdarlığını bildirib.