NDU-da əməkdaşlıq imkanları müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanası arasında birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində keçirilən ikitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ərzurum Atatürk Universitetinin nümayəndə heyətinə ali təhsil ocağının tibb fakültəsi və mövcud ixtisaslar barədə məlumat verib. Bildirib ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil məkanında Tibb fakültəsi olan yeganə ali təhsil ocağıdır. 23 ildir fəaliyyət göstərən fakültənin tələbələri buradakı laboratoriyalarda təcrübə dərsləri keçir, universitetin xəstəxanasının bazasından istifadə edirlər. Həmçinin gələcəyin həkimləri klinik baza kimi muxtar respublika xəstəxanalarından da yararlanırlar. Qeyd edilib ki, universitet xəstəxanasında professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı mövcuddur.

Ərzurum Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının baş həkimi, professor Fuat Gündoğdu universitetin rektoru adından iştirakçıları salamlayıb, muxtar respublikada ilk dəfə təşkil olunan forumun yüksək səviyyədə təşkilatçılığından məmnunluğunu bildirib. Professor bildirib ki, 1978-ci ildə Ərzurumda fəaliyyətə başlayan universitet xəstəxanası Qars, İqdır, Ağrı, Ərdəhan, Ərzincan, Bayburt, Artvin, Gümüşhane, Muş, Bingöl və Van kimi bölgə üzrə 12 əyalətdə 4 milyon yarım insana sağlamlıq xidməti göstərir. Bundan başqa sağlamlıq mərkəzi bölgədə təhsillərini davam etdirən ixtisas tələbələrinin təlim və təcrübələrinə də ev sahibliyi edir.

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Universitet xəstəxanasında davam edən görüşdə Atatürk Universiteti Regional Tədris və Tədqiqat Xəstəxanasının tanıtım videoçarxı nümayiş olunub, türkiyəli həkimlərin müxtəlif mövzularda çıxışları dinlənilib. Diskussiya formatında davam edən görüşdə Naxçıvan Dövlət Universiteti müəllimlərinin təklifləri dəyərləndirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: