AMEA-nın magistrantlarına fərqlənmə diplomlarının verilməsi üçün meyarlar müəyyənləşdirilib

A- A A+

AMEA-nın magistrantlarına fərqlənmə diplomlarının verilməsi üçün meyarlar müəyyənləşdirilib.

AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə qərar Rəyasət Heyətinin iyunun 29-da keçirilən açıq iclasında qəbul edilib. Qeyd edilib ki, AMEA prezidenti “AMEA-da magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların yaradılması və fəaliyyətinin təşkili” haqqında 2022-ci il iyunun 2-də müvafiq sərəncam imzalayıb. Sərəncamın 5.2. bəndinə əsasən, fərqlənmə diplomlarının verilməsi üçün bir sıra meyarlar (ümumi orta müvəffəqiyyət göstəricisi 91 baldan yüksək olan, dissertasiya mövzusuna aid ən azı 1 məqalə və 1 tezisi çap olunmuş və magistrlik dissertasiyasını yüksək səviyyədə müdafiə edən magistrantlar) müəyyənləşdirilib. Magistr hazırlığı üzrə müvafiq qanunvericiliyə əsasən, magistraturada təhsil alanlar elmi rəhbərləri ilə ixtisaslar üzrə elmi tədqiqatlar aparmalı, onların bu sahədəki elmi nəticələri respublikada və ya xaricdə nəşr olunan jurnallarda, milli və ya beynəlxalq konfransların, simpoziumların, qurultayların, konqreslərin materiallarında dərc edilməlidir.

AMEA Rəyasət Heyətinin qərarı ilə sözügedən sərəncama əsasən yaradılmış ixtisaslaşdırılmış müdafiə şuralarının sədrlərinə magistrlərə fərqlənmə diplomların verilməsində həmin sərəncamın 5.2. bəndində göstərilən meyarların nəzərə alınması tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: