AMEA-nın Naxçıvan Bölməsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” ikinci beynəlxalq konfransı keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ikincisi keçirilən “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda beynəlxalq konfrans Naxçıvanın tarixi, iqtisadiyyatı, təbii sərvətləri, ədəbi mühiti, mədəniyyəti və müasir inkişafına həsr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Şəmsəddin Eldənizin Azərbaycanın cənub-qərb bölgəsində siyasi vəziyyəti dəyişdirən fəaliyyəti” mövzusunda çıxış edib. Qeyd edib ki, 1136-cı ildə Atabəy Şəmsəddin Eldəniz tərəfindən yaradılan, paytaxtı Naxçıvan olan Atabəylər dövləti orta əsrlər dövlətçilik tariximizdə mühüm yer tutur. Bu tarixin ətraflı öyrənilməsi Azərbaycan dövlətçilik tarixinin zəngin ənənələrinin tədqiqi baxımından mühüm önəm kəsb edir. Bu gün Naxçıvanda bərpa olunaraq qorunub saxlanılan çoxlu sayda tarixi abidə, həmin dövrün yadigarları dövlətçilik tariximizə işıq tutur.
Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru Hüseyn Yurttaş isə “Naxçıvan abidələrinin Türk-İslam sənətindəki rolu”ndan söz açıb. O, məruzəsində zəngin memarlıq ənənələrinə malik Naxçıvanın tarixi abidələri barədə ətraflı məlumat verib, Anadolu abidələri ilə oxşarlıq və eynilik təşkil edən məqamları diqqətə çatdırıb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov “Kür-Araz mədəniyyəti problemləri Azərbaycanda son arxeoloji tədqiqatlar işığında” mövzusunda məruzə edib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızda abidələrin geniş şəkildə tədqiqinə başlanılıb. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri haqqında da məlumat verən alim son illərdə bu istiqamətdə aparılan qazıntıların nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
“Naxçıvan tarixinin tarixşünaslığı” mövzusunda məruzə edən akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra Naxçıvan tarixinə maraq daha da artıb. Naxçıvan Muxtar Respublikası ərazisində uzun illərdən bəri beynəlxalq və yerli ekspedisiyalar tərəfindən aparılan arxeoloji tədqiqatlar nəticəsində maddi-mədəniyyət nümunələri ilə zəngin yüzlərlə arxeoloji abidə aşkar olunub. Naxçıvan arxeologiyası üzrə kitab və monoqrafiyalar nəşr etdirilib. Əldə olunan mühüm nəticələr onu əsaslandırır ki, Naxçıvan ən qədim oğuz-türk ərazisidir, burada məskunlaşan insanlar e.ə. V-II minilliklərdən duz mədənlərindən istifadə ediblər. Naxçıvan ərazisi e.ə. V-III minilliklərdən yaşayış yeri olub, ərazidə ən qədim mədəniyyətlər olan Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyəti formalaşıb. Nəticə etibarilə, Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaşı 5 min ildən artıqdır.
Vurğulanıb ki, bu il Sədərək rayonu ərazisindəki Kültəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılıb. AMEA-nın Naxçıvan Bölməsi və ABŞ-ın Pensilvaniya Universiteti arxeoloqlarının apardığı qazıntılar nəticəsində qədim Sədərək şəhərinin yeri aşkar edilib, şəhər strukturunun qalıqları, daş döşənmiş küçələr, ictimai binaların qalıqları müəyyən edilib.
Konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov “Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafında müasir imkanlar” mövzusunda çıxış edib, xüsusilə muxtar respublikada “Sənaye ili” elan edilən 2022-ci ildə bu istiqamətdə görülən və görüləcək işlər barədə statistik məlumatlar verib.
Plenar iclasın ardınca konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Sabah da keçiriləcək bölmə iclaslarında “Naxçıvan Muxtar Respublikasının tarixi və arxeologiyası”, “Naxçıvan Muxtar Respublikasında elm, ədəbiyyat, folklor və mədəniyyət”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, təbii ehtiyatları” və “Naxçıvan Muxtar Respublikasının flora və faunası” mövzuları ətrafında məruzələr dinləniləcək.
Mədinə Rəhimli