Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə yeni tədris ilindən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbin birinci sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsabiqə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunacaq. Müsabiqədə məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük veriləcək. Məktəbə şagird qəbulu üçün şəxsiyyət vəsiqəsinin surəti, məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış və yaşayış yerindən arayış tələb olunur.
Sənədlər 15 iyul 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək saat 10:00-dan 13:00-dək Heydər Əliyev adına tam orta məktəbdə qəbul ediləcək. Müsabiqə 15-20 avqust 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçiriləcək. Müsabiqə zamanı uşaqlara məktəbəhazırlıq proqramı üzrə ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitqin inkişafı, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət fənləri üzrə suallar veriləcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq. Şagirdlərin qəbulunda şəffaflığı təmin etmək üçün müşahidə kameraları vasitəsilə çəkiliş də aparılacaq.
Ünvan: Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb. Naxçıvan şəhəri, Babək məhəlləsi 8a.
Əlaqə nömrəsi: (036) 545-55-77