Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında M.Əlioğlunun müstəsna xidmətlərindən danışıb. Görkəmli alimin XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinədək davam edən yaradıcılıq axtarışlarının bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərdiyi vurğulanıb. Akademik İ.Həbibbəyli deyib ki, Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub.
Bildirilib ki, M.Əlioğlunun iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında”, “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Mirzə İbrahimovun dramaturgiyası”, “S.S.Axundovun həyat və yaradıcılığı”, “Osman Sarıvəlli”, “Rəsul Rza”, “Məfkurə dostları”, “Ədəbiyyatda yeni insan”, “Məslək qardaşları”, “Tənqidçinin düşüncələri” kitabları, onlarla məqaləsi nəşr olunub. Vəfatından sonra “Hüseyn Cavidin romantizmi”, “Məhəbbət və qəhrəmanlıq”, “Amal və sənət”, “Ədəbi fraqmentlər” və ikicildlik “Darıxan adamlar” kitabları çapdan çıxıb. Onun klassik ədəbiyyat barədəki şərhlərinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə M.Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir.