Bu gündən etibarən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

A- A A+

İyulun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) 16 şəhər və rayonda I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi cəlb edilib.

DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

İmtahanda 25 min 339 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin teleqram kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Bu gün saat 15:00-da DİM-in yutub və feysbuk səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını feysbukda yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

Bu gündən etibarən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: