NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bölməyə muxtar respublikanın rayonlarının tarixi və Naxçıvan etnoqrafiyası ilə bağlı kitabların nəşrinin ilin sonuna qədər başa çatdırılması və “Elm Festivalına” hazırlıq görülməsi tapşırılıb.
Akademik İsmayıl Hacıyev 2022-ci ilin birinci yarısında AMEA-nın Naxçıvan Bölməsində yerinə yetirilən elmi və elmi-təşkilati işlər, həmçinin qarşıda duran vəzifələrlə bağlı bildirib ki, 2022-ci ilin birinci yarısında AMEA-nın Naxçıvan Bölməsində tədqiqatlar 6 elmi istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 36 iş 91 mərhələdə yerinə yetirilib. Hesabat dövründə bölmə əməkdaşlarının 8 monoqrafiyası, 5 kitabı, 2 metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı və 1 tezisi olmaqla 360 elmi əsəri çap olunub, 1 xəritə və 1 buklet tərtib edilib. Əsərlərdən 2 monoqrafiya, 41 məqalə və 62 konfrans məqaləsi xaricdə çap olunub. Elmi məqalələrin 44-ü xaricdə olmaqla 194-ü beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb, 34 elmi məqalə impakt faktorlu jurnalda dərc olunub.
Qeyd edilib ki, ötən il bölmənin fəaliyyəti ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə 7 rayonun tarixi, “Naxçıvan tarixinin səhifələrindən”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan uşaq folkloru” əsərləri çapa təqdim olunub. İki cildlik “Naxçıvan etnoqrafiyası” üzərində işlər davam etdirilib, “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan əlyazmalar xəzinəsi”, “Naxçıvan ədəbi mühiti” və “Naxçıvanın xalq deyimləri” kitabları çapa hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Elmi əsərlər” jurnalının Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi nömrəsi çap olunub, Əhməd Cavadın 130 illiyi ilə bağlı növbəti xüsusi nömrə isə çapa hazırlanır. 9 iyul 2021-ci ildə keçirilən “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının materialları çapa təqdim edilib.
Akademik İsmayıl Hacıyev beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, cari ilin may ayında Türk Tarix Qurumu ilə əməkdaşlığa dair müqavilə imzalanıb, bölmə əməkdaşları müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak ediblər. 2021-ci il 21 sentyabrda keçirilən müşavirədə bölmənin qarşısına qoyulan vəzifələrə uyğun olaraq gənc alimlərin və tədqiqatçıların hazırlanmasına diqqət yetirilməsi, dissertasiya mövzularının müasir elmin inkişaf istiqamətlərinə uyğun seçilməsi üçün “Fəlsəfə və elmlər doktoru dissertasiya mövzuları” kataloqu çapa hazırlanıb. İlin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiya işini müvvəffəqiyyətlə müdafiə edib, 1 nəfər dosent elmi adı alıb.
Akademik NDU-nun AMEA-nın Naxçıvan Bölməsinə hamiliyə verilən 10 ixtisası üzrə təhsil alan tələbələri ilə aparılan işlərin mahiyyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları-2022” layihəsi çərçivəsində əldə olunan mühüm nəticələrdən bəhs edib.
Vurğulanıb ki, elmi nailiyyətlərin təhsildə tətbiqi məqsədilə 8 monoqrafiya və kitab dərs vəsaiti kimi tövsiyə olunub. Yarımil ərzində bölmə əməkdaşları muxtar respublika məktəbliləri üçün nümunəvi dərslər tədris edib, 3 əməkdaş interaktiv dərs aparıb, alim və ziyalıların məktəblilərlə görüşləri təşkil edilib. Bölmə əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva ABŞ-nin beynəlxalq “Arxeologiya”, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova Azərbaycan Elm Mərkəzinin təsis etdiyi “Təbiət və elm”, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva “Dil və ədəbiyyat” jurnalının redaksiya heyətinə üzv seçilib, bir neçə tədqiqatçı səmərəli fəaliyyətinə görə diplom və Fəxri fərmanla təltif edilib.
Sonda çıxış edən bölmənin Rəyasət Heyətinin üzvləri görülən işlər barədə məlumat veriblər.
Xosrov ibrahimov