Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub - YENİLƏNİB

A- A A+

Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə əsl elmi renessans, intellektual dirçəliş mərhələsi kimi daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu fikir sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr edilən yubiley yığıncağında səslənib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Həsən Abdullayevin məzarı önünə əklil və gül dəstələri qoyub, görkəmli alimin xatirəsini yad ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini qoymaqla yanaşı, bu elm sahəsinin inkişafının başlıca istiqamətlərini də müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasında təqdirəlayiq fəaliyyət göstərib.

A.Əlizadə akademik Həsən Abdullayevin yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd olunub ki, görkəmli elm xadimi müasir Azərbaycan elminin tarixində yarımkeçiricilər fizikası sahəsində dəyərli tədqiqatlar aparıb və özündən sonra bu işi uğurla davam etdirən onlarla istedadlı fiziki birləşdirən məktəb yaradıb. Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fizikası sahəsində əldə etdiyi elmi nəticələr dünyanın məşhur alimləri tərəfindən təsdiqlənib. Azərbaycanın istedadlı fizikləri və mütəxəssisləri bu məktəbin yetirmələri olublar.

Akademik Həsən Abdullayevin 13 il AEA-ya rəhbərlik etdiyini söyləyən A.Əlizadə həmin dövrdə institutların nəzdində təcrübi-konstruktor büroları və təcrübə zavodlarının yaradıldığını, elmi-tədqiqat işlərinin istehsalatla əlaqəsinin gücləndirildiyini bildirib. Qeyd edilib ki, alimin təşəbbüsü ilə fiziologiya və fəlsəfə sektorları instituta çevrilib, dövlət əhəmiyyətli işlər aparan fotoelektronika və kosmik tədqiqatlar institutları, mikrobiologiya, molekulyar biologiya sektorları, yeni regional elmi mərkəzlər, laboratoriya, kafedra və şöbələr yaradılıb. A.Əlizadə akademik Həsən Abdullayevin yaratdığı və indi də uğurla fəaliyyət göstərən, yeni nailiyyətləri ilə bütün dünyada tanınan elmi məktəbin və elmi irsin xalqımızın ən qiymətli mənəvi sərvətlərindən olduğunu söyləyib.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov alimin keçdiyi böyük həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirilib ki, Həsən Abdullayevin elmi fəaliyyəti əsasən yarımkeçiricilər və onların praktik tətbiqi ilə bağlı olub. Yarımkeçiricilər fizikasının inkişaf proqramının həyata keçirilməsi, elmi istiqaməti yarımkeçiricilər fizikası olan Fizika İnstitutunun təməlinin qoyulması bilavasitə Həsən Abdullayevin adı ilə bağlıdır.

Tədbirdə çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüb, Həsən Abdullayevi təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: