Növbəti “STEAM yay məktəbi"nə start verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM yay məktəbi” təşkil olunub.
İyulun 25-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər mərkəzdə yerləşdikdən sonra “STEAM yay məktəbi”nin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən “STEAM yay məktəbi”nin açılış tədbirində Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə 28-30 iyun 2022-ci il tarixlərində muxtar respublikanın ümumtəhsil məktəblərinin 50-yə yaxın şagirdinin iştirakı ilə “STEAM yay məktəbi" təşkil olundu. Bu gündən isə daha iki günlük “STEAM yay məktəbi”nə start verilir. Proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Həmçinin şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək. Təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən “STEAM yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev bildirib ki, yetişməkdə olan gənc nəslin inkişafına müsbət təsir edən “STEAM yay məktəbi” gələcəyə - insan kapitalına yatırım kimi əhəmiyyətli layihədir. O, yay məktəbinin işinə uğurlar arzulayıb, şagirdləri təbrik edib.
STEAM üzrə təlimçi müəllim Ceyran Məmmədova “STEAM yay məktəbi” haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin istifadəsi üçün 20 ədəd notebook, 5 ədəd 3D printer və çap materialı, 10 ədəd ardino və 20 ədəd mikrobit dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılıb.
STEAM təlimçisi Fuad Babayev qeyd edib ki, STEAM yay məktəbinin proqramına uyğun olaraq şagirdlərə Humanoid robot, Qdee starter və makeblock mbot təhsil dəstlərinin kodlaşdırması və funksiyalarının idarə olunması izah olunacaq, proqramlaşdırdıqları robotlarla əyləncəli yarışmalar təşkil olunacaq. CNC-də isə müxtəlif materiallar üzərində kəsmə, oyma əməliyyatlarının yerinə yetirilməsi, layihə konstruksiyalarının hazırlanması şagirdlərə çatdırılacaq. Sonda şagirdlər qdee starter və makeblock mbot robotları ilə hazırlanan futbol və basketbol robot yarışlarını təqdim ediblər.
Qeyd edək ki, “STEAM yay məktəbi”ndə şagirdlər mikro: bit və arduino blokları ilə alqoritmik düşüncə və məntiq, proqramlaşdırma mövzularını öyrənməklə, nəzəri biliklərini praktikada tətbiq edəcəklər. Proqrama həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir.
Novruz Məmmədov