Naxçıvan Dövlət Universitetində müşavirə keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2022-ci ilin birinci yarısı və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə dair keçirilən müşavirədə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universiteti hesabat ilində bakalavr səviyyəsi üzrə 1332, magistr təhsil səviyyəsi üzrə isə 184 magistrant bitirib.  

Vurğulanıb ki, 2022-2023-cü tədris ilində ali təhsil ocağının bakalavr və magistr təhsil səviyyələri üzrə müasir dövrün tələblərinə cavab verəcək Regionşünaslıq, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, sahələr üzrə Dizayn, tədrisi ingilis dilində olan Beynəlxalq münasibətlər, ikili diplom layihəsi üzrə İqtisadiyyat və magistr təhsil səviyyələrinə 14 yeni ixtisaslar üzrə qəbul layihəsi verilib və təsdiq olunub.

Elbrus İsayev diqqətə çatdırıb ki, 16 pedaqoji ixtisas üzrə 379 tələbə 18 ümumtəhsil məktəbində, 42 qeyri-pedaqoji ixtisas üzrə 900 tələbə 39 müəssisə və təşkilatda təcrübədə olub. Hazırda Tibb fakültəsinin 135 nəfərdən ibarət müəllim, rezident və tələbə heyəti Türkiyənin Ankara, Qazi, Trabzon Texniki, Kayseri-Ərciyes, Ərzurum Atatürk universitetlərində 2 həftəlik təcrübədədirlər. Həmçinin qeyd edilib ki, cari tədris ilinin I yarısında ali təhsil ocağının “Energetika mühəndisliyi" ixtisasında təhsil alan tələbələri İtaliyada təcrübədə olublar.

Bildirilib ki, cari tədris ilində universitetdə tədrisin əyani təşkili üçün “Muzeyşünaslıq”, “Yer quruluşu və kadastr, “Coğrafiya” adlı yeni kabinə və laboratoriyalar yaradılıb. Yeni qrafikə müvafiq olaraq universitetin 167 nəfər professor müəllim heyətini əhatə etməklə 836 sayda nümunəvi dərs keçirilib, seçmə yolu ilə bəzi dərslər universitet televiziyası tərəfindən çəkilib və efirə təqdim olunub.

Bildirilib ki, ali təhsil ocağında doktorantura və dissertantura səviyyəsində fəlsəfə doktoru proqramı üzrə 31, elmlər doktoru proqramı istiqamətində 21 ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda universitetdə fəlsəfə doktoru proqramı üzrə 67, elmlər doktoru proqramı üzrə isə 32 nəfər doktorant və dissertant vardır.

Universitet müəllimlərinin hesabat dövründə elmi potensialında yüksək göstərici əldə olunduğunu qeyd edən rektor vurğulayıb ki, 2022-ci ilin ilk altı ayında 2-si Web of Science məlumat bazasına, 1-i Scopus elmi bazasına daxil olan ümumilikdə 59 məqalə impakt faktorlu jurnallarda nəşr olunub. Cari ilin birinci yarısında universitet əməkdaşlarının 8 monoqrafiyası, 2 dərsliyi, 13 dərs vəsaiti, 72 metodik vəsaiti və proqramı, 222 elmi məqaləsi və 220 konfrans materialı çap olunub. Elmi məqalələrdən 59-u, konfrans materiallarından isə 130-u xaricdə beynəlxalq konfrans toplularında dərc edilib. Həmçinin universitet əməkdaşlarının müvafiq kitabları Ali Məclisin 2022-ci il üçün nəşr planına əsasən nəşr olunmağa təqdim edilib.

Rektor vurğulayıb ki, ötən ildə ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda bir sıra nailiyyətlərə imza atıb. Universitetin davamlı inkişaf edən beynəlxalq əlaqələrinə Ankara, Qazi, Atatürk, Van Yüzüncü İl, Yaponiyanın Fujita Universiteti və Britaniya Şurası ilə beynəlxalq əməkdaşlıq məsələlərinin əlavə olunması, I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetin Azərbaycan Tibb Universiteti, Qaradəniz Texniki Universiteti, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, İstanbul Yeditepe Universiteti arasında birgə əməkdaşlığa dair müqavilələrin imzalanması beynəlxalq əlaqələr sahəsində atılan inamlı addımların bariz nümunəsidir. Universitetin Yaponiyanın Fujita Health Universiteti ilə əməkdaşlığı çərçivəsində “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında 31 may - 2 iyun 2022-ci il tarixlərində Yaponiyanın Naqoya şəhərində keçirilən “Asiya Universitetləri Sammit”inə qatılmasıyla beynəlxalq əməkdaşlıq məsələlərində mühüm bir mərhələnin əsası qoyulub.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran rektor hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ali təhsil ocağında əmək və iş intizamının daha da gücləndirilməsi, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqətin artırılması, elektron universitet quruculuğu prosesinin davam etdirilməsi və tədris prosesində ən müasir təlim texnologiyalarının uğurlu tətbiqi istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

                                                                              Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: