NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. İclasda təhsil naziri Rəhman Məmmədov bildirib ki, 2022-ci ilin birinci yarısında muxtar respublikada bütün sahələrdə əldə olunan uğurlar, təhsildə də nailiyyətlərin qazanılmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2022-ci ildə də davam etdirilib. Ötən müddət ərzində Şərur rayonunun Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib, məktəbin maddi-tədris bazası gücləndirilib. Qeyd olunub ki, hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının, Şərur rayonunun Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunun Sirab, Vayxır, Nehrəm qəsəbə 3 nömrəli, Ordubad rayonunun Pəzməri, Xanağa, Unus, Azadkənd, Kələki kənd tam orta məktəblərinin, Babək və Şahbuz rayonlarında məktəbdənkənar tərbiyə müəssisələrinin binalarında tikinti işləri davam etdirilir.
Təhsil naziri qeyd edib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Culfa rayon Yaycı kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ruqiyyə Məmmədova “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gənc istedadların xüsusi aylıq təqaüdə layiq görülməsi haqqında” Sərəncamı ilə STEAM təhsili və idman sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Təhsil naziri bildirib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Sərəncamın icrası məqsədi ilə nazirlikdə bu sahə ilə bağlı sektor yaradılıb, təhsil müəsisələrinə iki mindən artıq dərs vəsaiti paylanılıb. Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının formalaşdırılması üçün ilk dəfə olaraq müsabiqə keçirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bugünədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılaraq, zəruri avadanlıqlarla təmin olunub. Hazırda növbəti 50 məktəbdə yeni kabinələrin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. STEAM təhsil metodunun muxtar respublikada uğuru tətbiqinin nəticəsidir ki, ümumtəhsil məktəblərinin şagirdləri Bakı şəhərində keçirilən “TEKNOFEST-2022” festivalında iştirak edib, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans, iyunun 11-də isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM Təhsil festivalı” keçirilib.
Diqqətə çatdırılıb ki, martın 12-də cari ildə muxtar respublikanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 2990 məzun üçün, aprelin 30-da isə ümumtəhsil məktəblərinin IX sinfində təhsil alan 4187 şagird üçün buraxılış imtahanı keçirilib. Tədris ilinin yekunlarına uyğun olaraq tam orta təhsil bazası üzrə məktəbi bitirən məzunlardan 19-na Qızıl, 22-nə Gümüş nişan, 64-nə tam orta təhsil bazasından, 55-nə ümumi orta təhsil bazasından olmaqla, ümumilikdə 119-na fərqlənmə attestatı verilib.
Təhsil naziri bildirib ki, olimpiada və müsabiqələrin keçirilməsi də diqqətdə saxlanılıb, şagirdlərin riyaziyyat fənninə motivasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib. Keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 2426 şagird iştirak edib, onlardan 239-u qalib olub. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 2021-2022-ci tədris ili ərzində IX-XI siniflərdə təhsil alan 37 şagirdin və 24 elmi rəhbərin iştirakı ilə 28 layihə işlənib hazırlanıb. Ölkə üzrə keçirilən “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak edib, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülüb. Bununla yanaşı beynəlxalq səviyyəli müsabiqələrdə 36 şagird I dərəcəli diplom və medala, 1 şagird III dərəcəli diplom və medala, 3 şagird isə müxtəlif konfranslarda sertifikatlara layiq görülüb.
Bildirilib ki, “Kanal 35” Televiziyası və “Naxçıvanın Səsi” Radiosunda öz fəaliyyətini müəyyən edilmiş proqram əsasında qurub, yarımil ərzində Televiziya və Radio Verilişləri Redaksiyasının texniki imkanları baxımından müasir standartlara tam cavab verən yeni internet saytı və studiyası istifadəyə verilib, televiziyada və radioda müxtəlif maarifləndirici videomateriallar efirə təqdim olunub.
Təhsil naziri iştirakçıların diqqətinə çatdırıb ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri bütün aidiyyəti orqanlar kimi Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyaraq deyib: Təhsil Nazirliyi yeni tədris ilinə hazırlıq görməli, muxtar respublikanın ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində tədrisin və təlim-tərbiyənin təşkili nəzarətdə saxlanılmalı, STEAM kabinələrin və STEAM Təlim-Tədris Mərkəzinin qurulması başa çatdırılmalıdır. Bildirilib ki, Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə səylərini artıracaqdır.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib, qərar layihəsi oxunub.
Novruz Məmmədov