Ölkə üzrə keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 239 şagird qalib olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Respublika Fənn Olimpiadalarının, Lütfi Zadə adına Məntiq Olimpiadasının və Respublika Fənn Müsabiqələrinin qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri və onların valideynləri iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublika məktəbliləri arasında keçirilən olimpiadaların əhəmiyyətindən danışaraq bildirib ki, şagirdlərin istedadlarının üzə çıxarılmasında, fənlərə olan marağının artırılmasında olimpiadaların özünəməxsus rolu vardır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əhəmiyyəti nəzərə alınaraq 2021-2022-ci tədris ilində şagirdlərin olimpiadalarda iştirakı diqqətdə saxlanılıb, olimpiada hərəkatı gücləndirilib. Belə ki, ötən tədris ilində VII-IX sinif şagirdləri üçün Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, IX-XI sinif şagirdləri üçün məktəblilərin respublika fənn olimpiadası, V sinif şagirdləri üçün Lütfi Zadə adına Məntiq Olimpiadası, II-X sinif şagirdləri üçün Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi və VI-VII siniflərdə təhsil alan şagirdlər üçün VII Respublika Fənn Müsabiqəsi, həmçinin şagirdlərin riyaziyyat fənni üzrə motivasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq I-XI sinif şagirdləri üçün SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib.
Təhsil naziri diqqətə çatdırıb ki, keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 2426 şagird iştirak edib, 239 şagird qalib olub. Onlardan 28-i respublika fənn olimpiadasının, 10-u Lütfi Zadə adına Məntiq Olimpiadasının, 10 şagird isə Respublika Fənn Müsabiqəsinin qalibi olub.
Rəhman Məmmədov müsabiqə və olimpiadalarda uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov çıxış edərək təşkilati işlər barədə məlumat verib.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin XI sinif şagirdi, Respublika Fənn Olimpiadalarının Riyaziyyat fənni üzrə qalibi Cahangir Əlisoy yaradılan müasir tədris şəraitinə görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra medal və sertifikatlar şagirdlərə təqdim olunub.
Qeyd edək ki, IX-XI siniflər üzrə keçirilən Respublika Fənn Olimpiadalarında şagirdlərdən 6-sı birinci, 15-i ikinci, 7-si üçüncü yerə, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına Məntiq Olimpiadasında şagirdlərdən 2-si birinci, 3-ü ikinci, 5-i üçüncü yerə, VIII sinif şagirdləri üçün keçirilən Respublika Fənn Müsabiqələrində isə şagirdlərdən 2-si birinci, 3-ü ikinci, 5-i isə üçüncü yerə layiq görülüblər.
Sonda şagirdlərlə xatirə şəkli çəkilib.
Novruz Məmmədov