Elmə sədaqətli xidmət nümunəsi – AMEA-nın Naxçıvan Bölməsi

A- A A+

Hər bir millətin mədəni inkişaf səviyyəsi onun elmi və mədəni potensialından asılıdır.  Dünya elminə dahilər bəxş etmiş Azərbaycan elmi sağlam təməllər üzərində formalaşmış, bu proses davamlı olaraq gələcək nəsillərə ötürülmüşdür.

Əsasını yazı mədəniyyətindən götürən Azərbaycan elmi riyaziyyat, həndəsə, tibb, təbiət elmləri, astronomiya, hüquq, fəlsəfə, coğrafiya, dilçilik, ədəbiyyat və başqa elm sahələrini yeni-yeni töhfələrlə zənginləşdirmişdir. Bu təmayüllərə sadiq qalan Azərbaycan elmi 1945-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının simasında inkişafını davam etdirmiş, bu elm məbədi xalqın intellektual potensialının səmərəli təşkilində, dövrün tələblərindən irəli gələn strateji istiqamətlərin müəyyənləşdirilməsində özünəməxsus rol oynamışdır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamı ilə yaradılan Naxçıvan Bölməsi də 20 illik fəaliyyəti dövründə Azərbaycan elmini aparılan elmi araşdırmalarla, əldə olunan yeni elmi nəticələrlə zənginləşdirməyə çalışmışdır. Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın hərtərəfli öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə təsis olunan bölmə AMEA-nın Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyaları əsasında yaradılıb.

AMEA-nın Naxçıvan Bölməsi 2003-cü ilin yanvar ayında 139 nəfərlik işçi heyəti ilə fəaliyyətə başlayıb. Bu gün AMEA-nın Naxçıvan Bölməsi 247 nəfərin çalışdığı seçilən elm müəssisəsidir. Bölmədə 2 akademik, 4 nəfər AMEA-nın müxbir üzvü, 5 elmlər doktoru və 51 fəlsəfə doktoru olmaqla 92 elmi işçi fəaliyyət göstərir, əməkdaşlardan 47 nəfərin həm də elmi adı vardır. Ümumilikdə bölmənin elmi potensialının 68,5 faizi elmi dərəcəli tədqiqatçılardan ibarətdir.

Fəaliyyətinin başlanğıcında kadr potensialının artırılmasını, yüksək ixtisaslı kadrların hazırlanmasını əsas inkişaf meyarlarından biri kimi müəyyənləşdirən Naxçıvan Bölməsi elmi potensiallı gənclərin AMEA-nın müxtəlif elmi-tədqiqat müəssisələrinin doktoranturalarında təhsil almalarına nail olmuş, artan elmi potensialı sayəsində doktorantura və dissertantura yolu ilə kadrlar hazırlamışdır. Təkmil maddi-texniki baza və elm adamlarına göstərilən hərtərəfli qayğı gənc tədqiqatçılar üçün də stimul yaratmış, aparılan araşdırmaların səmərəliliyini artırmışdır. Hazırda bölmədə 39 doktorant və dissertant elmi tədqiqatını davam etdirir.

Məhsuldar fəaliyyəti ilə diqqət çəkən Naxçıvan Bölməsində 2006-cı ildən başlayaraq fəaliyyət göstərən Dissertasiya Şuralarında bu günədək 15 nəfər elmlər doktoru, 95 nəfər isə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib. Hazırda Naxçıvan Bölməsi Vətən tarixi, Arxeologiya, Müəssisələrin təşkili və idarə olunması, Fiziki və Qeyri-üzvi kimya ixtisasları üzrə tədqiqatçıların elmi yolunda inamlı addımlarının arzuolunan dəstəkçisidir.

20 illik fəaliyyəti dövründə əməkdaşların məhsuldar fəaliyyəti, elmi axtarışlarının nəticələri ümumilikdə 10849 elmi əsərdə əksini tapıb. Qeyd olunan əsər sayı 500 kitab və monoqrafiyanı, 38 dərs və metodik vəsaiti, 10069 elmi məqaləni, 234 tezisi və 8 kitabçanı əhatə edir. Bundan əlavə əməkdaşlar bugünədək 55 buklet, 26 atlas və xəritə hazırlamış, 5 tövsiyə irəli sürmüşlər. İki seriyada nəşr olunan “Elmi əsərlər” jurnalının bugünədək 70, “Axtarışlar” jurnalının isə 43 nömrəsi çapdan çıxıb. Habelə, ikicildlik “Naxçıvan ensiklopediyası”, üçcildlik “Naxçıvan tarixi”, üçcildlik “Naxçıvan folkloru antologiyası”, “Naxçıvan abidələri” ensik­lope­diyası (iki dildə), “Naxçıvan tarixi atlası”, “Naxçıvan teatrının salnaməsi”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırki vəziyyəti və perspektivləri”, ikicildlik “Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampelo­qrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, ikicildlik “Naxçıvan coğrafiyası” və başqa fundamental əsərlər nəşr olunub.

49-u kitab və monoqrafiya olmaqla 2309 əsər xaricdə çap olunub. Xarici dillərdə nəşr olunmuş həmin kitab və monoqrafiyalar Naxçıvanla bağlı tədqiqatların, fakt və həqiqətlərin dünyaya çatdırılması, bütövlükdə bölgənin hərtərəfli təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əsərlər alimlərimizin uğuru olmaqla yanaşı, həm də Naxçıvan diyarının beynəlxalq arenada layiqli şəkildə tanıdılması məqsədi daşıyır. Ötən dövr ərzində dərc olunan məqalələrin keyfiyyət göstəriciləri diqqətdə saxlanılmışdır. 358 məqalənin “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda dərci, əsərlərə edilən 1690 istinad bu fəaliyyətin gözlənilən nəticəsidir.

Bölmənin fəaliyyəti dövründə alimlərimiz 23 ixtira, 9 seleksiya nailiyyəti, 6 sənaye nümunəsindən ibarət 38 patent alıb, 188 mühüm elmi nəticə əldə olunubdur. Bölmə əməkdaşları 4-ü beynəlxalq səviyyəli olmaqla, ümumilikdə 23 qrant layihəsinin qalibi olub.

Ulu öndər Heydər Əliyevin Naxçıvan regionunun Azərbaycan tarixində, dövlətçiliyində rolunun araşdırılması ilə bağlı fikirlərini fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən Naxçıvan Bölməsi 2006-cı ildən başlayaraq beynəlxalq, 2012-ci ildən isə respublika səviyyəli arxeoloji ekspedisi­yalar aparmış, dünyanın bir çox ölkəsindən olan arxeoloq alimlərin iştirakı ilə Ovçulartəpəsi, Oğlanqala, Qız qalası, Duzdağ, I Kültəpə, Sədərək Kültəpəsi və başqa abidələrdə yerinə yetirilən elmi araşdırmalar zamanı bölgənin qədim tarixi ilə bağlı önəmli faktlar aşkara çıxarılmışdır. Naxçıvanda ilkin şəhər mədəniyyətinin tarixi, Eneolit, Boyalı qablar mədəniyyəti, Dalmatəpə mədəniyyəti, qədim Sədərək şəhərinin yeri, Duzdağda duz emalının tarixi və əldə olunan digər mühüm bilgilər tarixi keçmişimizə işıq tutmaqla yanaşı, eyni zamanda aparılan kömür analizləri əsasında bir sıra faktların tarixin daha erkən mərhələlərinə aidliyi sübuta yetirilmişdir. Əldə olunan elmi nəticələr beynəlxalq elm ictimaiyyətinə uğurla təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Bölməsi tərəfindən muxtar respublika ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi müəyyən edilərək pasportlaşdırılmış, müxtəlif təyinatlı bir çox tarixi abidə tədqiq olunmuşdur. Gəmiqaya, Əlincəqala, Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi əsaslı elmi tədqiqata cəlb edilmiş, araşdırmaların nəticələri ilə bağlı kitablar nəşr olunmuşdur.

Tarix-memarlıq abidələri ilə yanaşı milli dəyərlər sisteminin qorunması və inkişafı məqsədilə də tədqiqatlar davam etdirilmiş, aparılan tədqiqatların nəticəsi müxtəlif çap nümunələrində əksini tapmışdır. 2018-ci ildə Köçəri, Tənzərə yallıları YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Bölməsində Şərur yallılarına dair sistemli araşdırma aparılmış, tədqiqatların ilkin nəticəsi olaraq “Azərbaycanın ən qədim yallılarından biri - Köçəri” toplusu çap olunmuşdur.

Naxçıvan torpağının yetirməsi, görkəmli alim Nemətulla Naxçıvaninin irsi araşdırılaraq, əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə olunmuş, “Naxçıvanın bayram və mərasimləri” monoqrafiyası nəşr olunmuşdur.

2021-ci il 21 sentyabr tarixində AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tapşırıqların icrası davam etdirilmiş, muxtar respublika rayonlarının tarixi, ikicildlik “Naxçıvan etnoqrafiyası”, “Naxçıvanın xalq deyimləri” kitabları nəşrə hazırlanmışdır. Digər tapşırıqların icrası isə davam edir.

AMEA-nın Naxçıvan Bölməsində elmin istehsalata tətbiqi diqqətdə saxlanılmış, bölmə əməkdaşları tərəfindən Qabıllı və Duzdağ gilindən yuyucu vasitə, Biləv alüminium süxurundan kalium alüminium zəyi, efir yağları, gülab, sirkə, boya, propolis, çaytikanı yağı, “Şorsu” palçığı və quru qalığı, Darıdağ termal suyunun quru qalığı kimi məhsul­lar hazırlanmışdır. Əlavə olaraq, 16 adda bitki qarışıqlarından dərman paketlərinin, sarıçiçək, zəfəran, müxtəlif şirə, mürəbbə, cem, kompot və meyvə qurularının istehsal-satışı təmin edilmişdir.

Bölmə 20 illik fəaliyyəti dövründə çoxsaylı beynəlxalq, respublika və muxtar respublika səviyyəli elmi konfranslara ev sahibliyi etmişdir. Dünya səviyyəli tədqiqatçıların konfranslarda iştirakı ilə bərabər, bölmə alimlərinin müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda etdikləri məruzələr bölgə ilə bağlı elmi həqiqətləri ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, Naxçıvanın beynəlxalq arenada təbliğinə xidmət etmişdir.

AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə 8 ölkənin 30-a yaxın elm və təhsil mərkəzləri ilə səmə­rəli əmək­daşlıq etmiş və beynəlxalq əlaqələrin genişləndirilməsi diqqətdə saxlanmışdır. Cari ilin may ayında Türk Tarix Qurumu ilə birgə əməkdaşlığa dair müqavilənin imzalanması bu fəaliyyətin müvəffəq davamıdır.

Fəaliyyətində gənc nəsildə elmə marağın yaradılması, onlarda elmi tədqiqat aparma bacarıqlarının formalaşdırılmasını bir istiqamət kimi müəyyənləşdirən AMEA-nın Naxçıvan Bölməsi elmlə təhsilin inteqrasiyasına yüksək həssaslıqla yanaşır. Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 10 ixtisas üzrə tələbələrinin bölmənin hamiliyinə verilməsi, elmi dərəcəli əməkdaşların muxtar respublikanın orta ümumtəhsil məktəblərində nümunəvi dərslər tədris etməsi, tələbələrlə, məktəblilərlə keçirilən müntəzəm maarifləndirici görüşlər bu fəaliyyətin bir hissəsidir.

AMEA-nın Naxçıvan Bölməsi ilə Naxçı­van Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihə­si çərçivəsində 3 tədris ili ərzində məktəblilər elmi rəhbərlərinin düzgün istiqamətləndirməsi ilə müxtəlif mövzulu tədqiqatları uğurla başa çatdırmış, beynəlxalq bilik yarışlarında diplom və medallar qazanaraq Naxçıvanı layiqincə təmsil etmişlər.

Elmin inkişafını şərtləndirən mühüm amillərdən biri xalqın mədəni inkişaf səviyyəsidirsə, digər mühüm amil də elmə göstərilən qayğıdır. AMEA Naxçıvan Bölməsinin səmərəli elmi fəaliyyəti ölkə rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim yüksək qiymətləndirilmiş “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası Naxçıvan Muxtar Respublika mükafatına, “Tarixi mənbələrdə Nuh peyğəmbər”, “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülmüşdür. Bəzi əməkdaşlar Prezident mükafatına, fəxri adlara, medallara layiq görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və AMEA-nın Fəxri Fərmanları, “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilmişlər.

Sadalanan bütün faktları nəzərə alaraq əminliklə deyə bilərik ki, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında elmin inkişafı, elmi yeniliklərin təcrübəyə tətbiqi məsələsi daim diqqət mərkəzindədir. Elm sahəsində aparılan islahatlar bu fəaliyyət sahəsinin inkişafına xidmət edir. Elmimizə, elm adamlarına göstərilən diqqət və həssas münasibət hər bir elm nümayəndəsini şövqlə çalışmağa vadar edir.

Səkinə Cümşüdova

AMEA Naxçıvan Bölməsi Aparatının

Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: