Muxtar respublikada ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və kadr potensialının inkişaf etdirilməsi məqsədilə növbəti test imtahanlarının keçirilməsinə start verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə ən çox Şərur (65), Ordubad (46) rayonları və Naxçıvan (29) şəhərindən olmaqla, ümumilikdə 235 vakant vəzifə çıxarılıb.
1621 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Naxçıvan şəhəri (374), Babək (297) və Şərur (266) rayonlarından çıxarılan vakant vəzifələr üzrə olub. Ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (378), Azərbaycan dili və ədəbiyyat (231) və ingilis dili (198) müəllimliyi üzrə qeydə alınıb. Ən çox vakant vəzifə isə kimya (32), coğrafiya (26), fizika və ibtidai sinif müəllimliyi (hər biri üzrə 21) ixtisasları üzrə çıxarılıb. 2011-ci ildən bəri müxtəlif sahələr üzrə keçirilən imtahanlarda ilk dəfə olaraq müraciət edənlərin sayı 1000 namizədi ötüb ki, bu da işə qəbul imtahanlarının şəffaf şəkildə keçirilməsinin göstəricisidir. Belə ki, 2021-ci ildə müəllimlərin işə qəbulu imtahanında 858 namizəd qeydiyyatdan keçmişdisə, builki müraciət sayı ötən ildəkini təxminən iki dəfə üstələyir.
Test imtahanlarında hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramına aid 40, tədris metodikası və təlim strategiyasına aid 20 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir.
Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunur. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. İmtahan bitdikdən dərhal sonra namizədə “Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri DİM-in internet portalında yerləşdirilir.
Keçirilən test imtahanları avqustun 30-na qədər davam edəcək.