Heydər Əliyev adına tam orta məktəbin I sinfinə şagird qəbuluna başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədrisin səviyyəsini daha da yüksəltmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbin yeni tədris ili üçün nizamnaməsində bir sıra yeniliklər nəzərdə tutulub. Bu yeniliklərdən biri də məktəbin I sinfinə müsahibə yolu ilə şagird qəbuludur. Yeni Nizamnaməyə əsasən 2022-2023-cü tədris ilindən məktəbin I sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsahibə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunur. İyulun 15-dən avqustun 14-dək məktəbdə sənəd qəbulu həyata keçirilib. 15 avqust tarixindən isə müsahibəyə start verilib.

Bu məqsədlə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən komissiya yaradılıb. Müsahibədə uşaqlara komissiya üzvləri tərəfindən məktəbəhazırlıq qrupu üzrə məzmun standartları əsasında hazırlanmış, ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq, nitqin, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət üzrə suallar verilir. Qiymətləndirmə üçün namizədlərə 30 dəqiqə vaxt ayrılır. Maksimum nəticə 100 baldır. Müsahibədən sonra namizədə yekun bal barədə məlumat verilir. Ümumi reytinq cədvəli isə müsahibə bitdikdən sonra elan olunacaq. Müsahibə eyni anda iki komissiya tərəfindən həyata keçirilir və  məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük verilir.

Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçirilən müsahibə avqustun 20-nə kimi davam edəcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq.

Qeyd edək ki, qəbul prosesində valideynlərin iştirakı ilə yanaşı, şəffaflığı təmin etmək üçün müşahidə kameraları vasitəsilə çəkiliş də aparılır.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: