Naxçıvanda məktəbi fərqlənmə ilə bitirən məzunlar təltif edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 18-də Naxçıvan Dövlət Texniki Kollecində 2021-2022-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilib, qızıl və gümüş nişanlar təqdim olunub.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik edib, qazandıqları uğuru muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Hazırda 17 təhsil müəssisəsi üçün yeni bina tikilir və ya yenidən qurulur.

Nazir vurğulayıb ki, yaradılan şərait nəticəsində təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəlib, istedadlı şagirdlərin sayı artıb. Bu tədris ilində də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə idman və STEAM təhsili  sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Muxtar respublikada yeni təhsil metodlarının tətbiqinə də geniş yer verildiyini bildirən təhsil naziri əlavə edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bugünədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, şagirdlər STEAM təhsil festivalında uğurla iştirak ediblər. Hazırda isə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır.

Tədris ili ərzində keçirilən müsabiqələr və əldə olunan nəticələr barədə də məlumat verən Rəhman Məmmədov bildirib ki, 2021-2022-ci tədris ilində “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 37 şagirdin iştirakı ilə 28 layihə işlənib hazırlanıb. Ölkə üzrə keçirilən “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak edib, onlardan 3-ü beynəlxalq qurumların mükafatlarına layiq görülüb. İstedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə cari tədris ilində Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi, Məktəblilərin Respublika Fənn Olimpiadası, Lütfi Zadə adına Məntiq Olimpiadası və VII Respublika Fənn Müsabiqəsi, SASMO Beynəlxalq Riyaziyyat Olimpiadası da keçirilib. Olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 5258 şagird iştirak edib, onlardan 329-u qalib olub.

Vurğulanıb ki, 2021-2022-ci tədris ilində keçirilmiş buraxılış imtahanlarında 250-300 arası bal toplayan məzunların sayı ötən illə müqayisədə 50 faiz artıb. Qəbul imtahanlarında 200-700 intervalında bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə 87, 600-700 intervalında bal toplayan şagirdlərin sayı isə 17 nəfər çox olub, 254 məzun 500-700 arasında bal toplayıb.

Təhsil naziri qeyd edib ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə fərqlənən, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və gümüş nişanla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu tədris ilində də tədrisdə və buraxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 105-i təhsili xüsusi nailiyyətlə başa vurub. Bunlardan 19-u qızıl, 22-si gümüş nişana, 64-ü fərqlənmə attestatına, eləcə də IX siniflər üzrə 55 şagird fərqlənmə attestatına layiq görülüb.

Təqdimat mərasimində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, Şərur şəhər 2 nömrəli tam orta məktəbin məzunu Nərmin Vəliyeva, valideyn Çingiz Mehdiyev çıxış edərək muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını  bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara qızıl və gümüş nişanları təqdim edib, məzunlarla xatirə şəkli çəkdirilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: