Naxçıvanda hərbi lisey müəllimlərinin sertifikatlaşdırılması aparılır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev adına Hərbi Lisey müəllimlərinin sertifikatlaşdırılmasının müsahibə mərhələsi keçirilib.
Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır. Heydər Əliyev adına Hərbi Lisey müəllimlərinin sertifikatlaşdırılmasının test mərhələsi avqustun 23-də keçirilib. Birinci mərhələdə liseyin müəllimlərindən 34-ü tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak hüququ qazanıb. Bu gün həmin müəllimlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində müsahibə mərhələsində iştirak ediblər.
Bu mərhələdə iştirak edənlərin biliklərinin qiymətləndirilməsi proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı kimi meyarlar əsasında maksimum 40 balla aparılır.
Qeyd edək ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Qaydaya əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər və təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ qazanır və sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə müəyyən olunmuş yaş həddinə qədər pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər.
Sertifikatlaşdırmanın nəticələri yeni tədris ilindən təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Belə ki, ölkə başçısı avqustun 18-də dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrində təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq sertifikatlaşdırmanın test mərhələsində 50-dən yuxarı bal toplamış müəllimlərin ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərə isə 10 faiz əlavələr nəzərdə tutulub. Yeni tədris ilindən ödənilməsi nəzərdə tutulan əlavələr müəllimlərin maddi rifahının yüksəldilməsinə, bu isə öz növbəsində tədrisin səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.
Novruz Məmmədov