Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 30 vakant vəzifənin çıxarıldığı müsabiqədə müvafiq vəzifələrin tutulması üçün 29 namizəd müraciət edib. Test üsulu ilə keçirilən imtahanda hər bir namizədə ümumilikdə 80 olmaqla, ixtisas üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib və namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilib. Test imtahanının nəticələri haqqında məlumat dərhal Mərkəzin internet portalında yerləşdirilib və namizədlərə “Test imtahanının nəticəsi haqqında arayış” verilib. Ən azı 48 bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılırlar. İmtahan nəticələrinə əsasən test mərhələsində iştirak edən 28 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Test imtahanı mərhələsi başa çatdıqdan sonra 1 ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə mərhələsi keçiriləcək.
Qeyd edək ki, müvafiq müəllim vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi üzrə elmi dərəcəsi olan şəxslər həmin vəzifə üzrə işə qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, kitabxanaçı vəzifəsini tutmaq istəyən namizədlər isə yalnız test imtahanı mərhələsində iştirak edirlər.